Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur.
XəzərXəbər xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində dərc
olunmuş yazılarda adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya
inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə əksini
tapan fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi
qiymətləndirilə bilər. Bu qəbildən olan yazılarda pensiya xərclərinin
ümumi daxil məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də
ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar
cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl
dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini
gözdən salmağa yönəlib.
Pensiya təminatı kimi çoxşaxəli
sosial-iqtisadi və demoqrafik amillər sisteminn təsirlərinə məruz qalan
bir sahəyə dair əsaslı qiymətləndirmə aparmadan, demoqrafik
xüsusiyyətlər, əhalinin yaş tərkibi və pensiya xərclərinin əsaslı
hissəsinin benefisiarı olan yaşlı əhalinin xüsusi çəkisi, bütövlükdə
demoqrafik proseslər və qlobal miqyasda əhalinin yaşlanması meylləri,
bütün bunların milli iqtisadiyyatın müxtəlif sektorları ilə qarşılıqlı
təsirləri nəzərə alınmadan, Azərbaycanın müxtəlif ölkələrlə "müqayisəli
təhlil” cəhdləri baxılan məsələnin mürəkkəb və dərin mahiyyətinə tam
varılmadığını göstərir. Bu amillərin vacib rolu barədə çox kiçik bir
araşdırma aparmaqla, qeyd olunan yazılarda istinad edilən adambaşına
pensiya xərci kimi bir göstəricinin müqayisə üçün uyğun olmadığını
anlamaq mümkündür.
Təkcə onu demək yetərlildir ki, BMT-nin
2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu
üzv ölkələrindən Polşa,
İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və
yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni
göstəricisindən 2,4-2,9 dəfə çoxdur. Digər tərəfdən, sadalanan
ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından
4-8 dəfə (Polşa,
İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı
vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi
benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin
həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə
fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin
pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı
əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1
faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun
göstərici olduğunu ortaya qoyur.
Çünki bu meyar ölkələr arasında
müqayisəli təhlilin nəticələrində demoqrafik xüsusiyyətlərin
uzlaşmamasından doğa biləcək fərqləri aradan qaldıraraq, tutuşdurulan
göstəriciləri ahəngləşdirməklə daha dolğun və obyektiv müqayisəni təmin
edir.
OECD üzrə ən son açıqlanan məlumatlar əsasında hesablamalar
göstərir ki, yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında
xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada
0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41
faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz
olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır və
göründüyü kimi, hətta bəzi hallarda aşağıdır. Bu isə respublikamızda
yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in
0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə
təsdiqləyir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan
üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45
faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan
(0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də
Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir.
Ayrıca
vurğulamaq istərdik ki, əksər ölkələrin getdikcə artan maliyyə
təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti
ilə qarşılaşdığı bir zamanda ölkəmizdə əhalinin sosial müdafiəsi
məsələlərinin daim xüsusi diqqət mərkəzində saxlanması nəticəsində
sosial proqramlar vaxtında və tam icra edilir, yeni-yeni sosialyönümlü
təşəbbüslər reallaşdırılır. Hazırda ölkədə sosial müdafiə sistemi
vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 460 min nəfər müxtəlif
növ müavinətlər, 97 min ailənin 400 min nəfər üzvü isə ünvanlı sosial
yardım alır və onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 326 milyon manatdan çox vəsait ödənilir.
Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyasının ötən ilin yekunları üzrə
statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əmək haqqına
nisbətinə görə postsovet ölkələri arasında ilk ikilikdə yer alan
Azərbaycan 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci
yerdə qərarlaşmışdır (qeyd edim ki, 1 oktyabr 2017-ci il tarixə bu
göstərici bir qədər də artaraq 43,4 faiz təşkil etmişdir).
Hazırda
ölkəmizdə dünyada ən sadə və hər kəsin öz fərdi hesabına ödədiyi sosial
sığorta haqlarının formalaşdırdığı bir pensiya sistemi fəaliyyət
göstərir və beynəlxalq təşkilatlar tərəfindən bu sahədə aparılan
islahatlar yüksək qiymətləndirilir.
Eyni zamanda, pensiya
islahatlarının baza prinsip və əsaslarını özündə ehtiva edən 2014-cü
ildə təsdiq olunmuş Konsepsiyaya uyğun olaraq müəyyən edilmiş
istiqamətlər üzrə mütərəqqi islahatların davam etdirilməsi, bu əsasda
məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun
təkmilləşdirilməsi, könüllü sosial sığortalanmaya söykənən müasir
pensiya alətlərinin, o cümlədən qeyri-dövlət pensiyalarının tətbiqi
nəzərdə tutulur.