Xəzər Xəbər

Ermənistanda baş qərargah rəisi böhranı - Mövqelər savaşı siyasi gərginliyi daha da dərinləşdirir

Dünya | 10:29 • 11 Mart 2021
Ermənistanda baş qərargah rəisi böhranı - Mövqelər savaşı siyasi gərginliyi daha da dərinləşdirir

Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda ictimai-siyasi böhran dörd aydır ki, davam etməkdədir.

Xezerxeber.az xəbər verir ki, bu ölkədə hökumətə qarşı ötən il noyabrın 10-dan kütləvi aksiyalar, yürüşlər keçirilir, baş nazir Nikol Paşinyanın istefası tələb edilir. Ermənistan vətəndaşları və xarici ölkələrdəki erməni diaspor təşkilatlarının üzvləri Paşinyanı müharibədə məğlubiyyətin ən böyük günahkarı hesab edir və onu vətən xaini adlandırırlar.

                                 Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsi uğrunda savaş

Ölkədə daxili savaş və siyasi böhran hər keçən gün genişlənir. Son günlər isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi uğrunda savaş gedir. Bu məsələdə baş nazir Nikol Paşinyan ilə prezident Armen Sarkisyan arasında ciddi fikir ayrılığı var.

Xatırladaq ki, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan və ali komanda heyəti Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ölkədə siyasi böhran daha da dərinləşib. Baş nazir bunu hərbi çevriliş cəhdi kimi qiymətləndirib və baş qərargah rəisinin istefaya göndərilməsi barədə prezidentə iki dəfə müraciət ünvanlayıb, amma istəyinə nail ola bilməyib. Ermənistan prezidenti Armen Sarkisyan müvafiq sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb.

Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisinin istefaya göndərilməsi barədə fərmanı vaxtında imzalamadığı və Konstitusiya məhkəməsinə müraciət etmədiyi üçün Onik Qasparyan tutduğu vəzifədən azad olunub. Artıq Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar martın 10-dan qüvvəyə minmiş sayılır.

Nikol Paşinyan bəyan edib ki,  Onik Qasparyan qanunun gücü ilə tutduğu vəzifədən azad olunur.

"Ermənistan Prezidenti Armen Sarkisyanın silahlı qüvvələrin baş qərargah rəisinin istefaya göndərilməsi barədə fərmanı imzalamadığı və Konstitusiya məhkəməsində mübahisələndirmədiyi faktını nəzərə alaraq martın 10-dan etibarən Onik Qasparyan qanunun gücü ilə tutduğu vəzifədən azad olunur”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti baş nazirdən sitat gətirib.

Bundan sonra, martın 10-da Armen Sarkisyan Konstitusiya məhkəməsinə müraciət edərək məsələnin “Hərbi xidmət və hərbçinin statusu barədə” qanuna uyğunluğunu müəyyənləşdirməyi xahiş edib. Prezidentin mətbuat xidməti qeyd edib ki, müraciət baş nazirin Onik Qasparyanı vəzifədən azad etməsi təşəbbüsü və sonrakı hüquqi proseslər nəticəsində daha da qabaran problemlərlə bağlıdır. Armen Sarkisyan Konstitusiya məhkəməsinin cavabının hazırkı qərara ciddi təsir edə biləcəyini də vurğulayıb.

                                                                Köhnə-yeni namizəd

Maraqlıdır ki, N.Paşinyan Konstitusiya məhkəməsinin cavabını gözləmədən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb. Paşinyan Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin olunması barədə prezident Armen Sarkisyana vəsatət verib.

Bu arada qeyd edək ki, A. Davtyan 2018-2020-ci ildə də silahlı qüvvələrin baş qərargah rəisi olub. O, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində - 2020-ci il iyunun 7-də oğluna toy edib. Ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə baş qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurub. Etirazlardan sonra o, baş qərargah rəisi vəzifəsindən istefa vermişdi. 

Ötən ilin iyulun 17-də isə o, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri təyin olunmuşdu. Ancaq bu vəzifədə də çox işləməyib. A.Davtyan 2020-ci il noyabrın 16-da bu vəzifədən də azad olunub. Heç də aydın xasiyyətnaməyə malik olmayan A.Davtyanın son təyinata qədər xüsusi tapşırıqlar üzrə baş zabit postunu tutduğu deyilir.

                                                         Paşinyan Qasparyanı qərargah rəisi postunda görmək istəmir

Hələlik Ermənistan Konstitusiya məhkəməsi məsələyə münasibətini bildirməyib. Görünən odur ki, məhkəmənin hansı qərar qəbul etməsindən asılı olmayaraq Onik Qasparyan silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsində qala bilməyəcək.  Ehtimal edilir ki, baş qərargah rəisi vəzifəsi uğrunda mövqelər savaşı mövcud siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq, baş nazirlə prezident arasındakı gərginliyi artıracaq. Amma gərgin siyasi durumun hansı məcrada inkişaf etməsindən asılı olmayaraq, müşahidələr göstərir ki, Paşinyan Qasparyanı baş qərargah rəisi vəzifəsində görmək istəmir. 

Xəbər lenti