Xəzər Xəbər

Avstriyada pandemiyanın ikinci dalğası başlayır

Dünya | 15:06 • 13 Sentyabr 2020
Avstriyada pandemiyanın ikinci dalğası başlayır

Ötən günlərdə Avstriyada koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Avqust ayının əvvəlində gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olduğu halda, iki həftə öncə bu göstərici 350-yə qalxıb və hazırda 1000 nəfərə çatıb.


Federal Səhiyyə naziri gündəlik artımın çox yuxarı olduğunu və ikinci dalğanın baş verməməsi üçün bütün qüvvələrin səfərbər edilməsinə tələbat yarandığını bildirib. Federal Kansler Sebastian Kurts isə sentyabrın 13-də Avstriya Mətbuat Agentliyinin sorğusuna cavab olaraq, hazırda artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib.


Əhaliyə müraciət edən Kansler sosial təmasları azaltmağa, maskadan istifadə etməyə, sosial məsafə saxlamağa və digər qaydalara ciddi şəkildə riayət etməyə çağırıb. O qeyd edib ki, əhalinin həmrəyliyi sayəsində gələn ilin yayınadək həyat öz normal axarına dönə bilər: "Lakin həmin vaxta kimi hər birimiz üçün çətin payız və qış mövsümü gözlənilir. Ona görə də bizdən tələb olunur ki, yaz aylarında olduğu kimi intizam və qarşılıqlı diqqətlə qarşıdakı ayların öhdəsindən birlikdə gələk”.


Hazırda Avstriyada koronavirusa yoluxma halları əsasən paytaxt Vyanada, eləcə də Aşağı Avstriya və Tirol federal əyalətlərində qeydə alınır. Gündəlik yoluxma hallarının təxminən yarısı Vyana şəhərinin payına düşür və artıq İsveçrə Vyananı riskli regionlar siyahısına daxil edib, Almaniyanın da yaxın günlərdə eyni addım atacağı gözlənilir.


Yoluxma hallarının qarşısını ala bilmək üçün Avstriya hökuməti sentyabrın 14-dən bir sıra məhdudiyyətlər tətbiq edəcək, belə ki, ölkə üzrə bütün ictimai qapalı məkanlarda maskadan istifadə məcburi olacaq, kütləvi tədbirlərdə iştirakçı sayı azaldılacaq. (AZƏRTAC)

Xəbər lenti