ABŞ nüvəsizləşməsi əvəzində Şimali Koreyaya "unikal təhlükəsizlik zəmanəti” verməyə hazırdır. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
Onun sözlərinə görə, bu dəfəki zəmanət Vaşinqtonun daha öncə təklif etməyə hazır olduqlarından fərqlənir.
"Şimali
Koreya ilə diplomatik dialoqdan nail olmağa çalışdığımız yekun məqsəd
dəyişməyib. Koreya yarımadasının tam, təcrübədə özünü doğruldan və
geriyə dönüşü olmayan nüvəsizləşməsi – bu,
ABŞ-ın qəbul edə biləcəyi yeganə nəticədir” – deyə Pompeo vurğulayıb.
Bununla belə Pompeo qeyd edib ki, ABŞ
Şimali Koreyada kifayət qədər əminlik yaranmasını təmin etməyə
hazırdır. Çünki Pxenyan başa düşsün ki, nüvəsizləşmə onlar üçün pis
nəticələnəcək bir şey deyil, tam əksinə, müsbət haldır.
Qeyd edək ki, sabah Sinqapurda ikitərəfli sammitdə ABŞ
ilə Şimali Koreya liderlərinin tarixdə ilk görüşü baş tutacaq.
Danışıqların başlıca mövzusu Koreya yarımadasında sülhə nail olmaq və
Şimali Koreyanın nüvəsizləşdirilməsidir. Sinqapur görüşünə hazırlıq
mərhələsində Pxenyan Vaşinqtondan tələb etmişdi ki, sammitdə ABŞ-la diplomatik əlaqələr qurulması və sanksiyaların aradan götürülməsinə dair razılıq əldə olunmalıdır. ABŞ prezidenti Donald Tramp isə görüşün uğurlu keçəcəyi təqdirdə, Pxenyanla sülh müqaviləsi imzalanacağını istisna etməyib. /azvision.az