Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dövlətlərini İsrailə qarşı iqtisadi dirəniş göstərməyə çağırıb. Ərdoğan bu barədə Bosniyadan qayıdarkən jurnalistlərə
açıqlamasında deyib. O, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin
İsrail məhsullarını boykot edəcəyinə ümidvar olduğunu bildirib.
"İƏT-in sonuncu toplantısı çərçivəsində qəbul etdiyimiz bəyannamədəki
tövsiyyəyə uyğun olaraq, üzv dövlətlərin İsrail məhsullarını boykot
edəcəyinə ümid edirəm. Və nəticə etibarilə, bundan sonra İsraildən heç
bir məhsul alınmamalıdır. Türkiyə də analoji şəkildə fəaliyyətə keçəcək.
Biz İsraillə münasibətlərimizə, xüsusən də, iqtisadi və ticarət
sferalarındakı əlaqələrimizə yenidən nəzər salacağıq. Qarşıdakı
seçkilərimiz bitəndən sonra, biz bu istiqamətdə müvafiq addımlar
atacağıq" - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, İƏT-in mayın 18-də istanbuldakı təcili toplantısının yekunlarına dair qəbul olunan bəyannaməsində, ABŞ-ın ardından səfirliyini Qüdsə köçürən dövlətlərə qarşı iqtisadi məhdudiyyətlərin tətbiq olunması tövsiyyə edilib.
Xatırladaq ki, mayın 14-də ABŞ İsraildəki səfirliyini rəsmi olaraq Qüdsə
köçürüb. Buna etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı
aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib.
Nəticədə 62 fələstinli ölüb, 3 mindən çoxu yaralanıb.