Xəzər Xəbər

Sloveniyanın baş naziri istefaya gedir

Dünya | 09:20 • 15 Mart 2018
Sloveniyanın baş naziri istefaya gedir

Sloveniyanın baş naziri Miro Tserar istefa verəcəyini bəyan edib. Hökumət rəhbəri açıqlamasında Ali Məhkəmənin ötən ilin sentyabrında keçirilmiş referendumun nəticələrini ləğv etməsini bu qərarı qəbul etməsinə əsas səbəb kimi göstərib. O, koalisiya tərəfdaşlarının bəzi layihələrin icrasına imkan vermədiklərini əsas gətirərək hər bir etimada layiq siyasətçinin belə vəziyyətdə lazım olduğu addımı atdığını bildirib.


Sloveniyada növbəti parlament seçkiləri bu ilin iyun ayında keçirilməli idi. Baş nazirin istefası ilə çox güman ki, seçkilərin vaxtı bir neçə həftə irəli çəkiləcək.


Qeyd edək ki, bir milyard avro vəsaitin sərf edilməsi nəzərdə tutulan dəmir yolu xəttinin çəkilişi mərkəz-solçu hökumətin ən böyük və mühüm sərmayə proqramı idi. Layihəyə görə Adriatik dənizi sahilində yerləşən Koper limanını Divaça dəmir yolu qovşağı arasında qatarların yüksək sürətini təmin etməli olan müasir dəmir yolu xətti inşa edilməli və tunellər çəkilməli idi.


Ali Məhkəməyə ünvanlanan şikayətlərdə yeni dəmir yolu layihəsi ilə bağlı referendumda dövlət büdcəsi vəsaitlərindən layihənin təbliğatı üçün kampaniya aparılması iddiası irəli sürülüb. Ali Məhkəmə şikayətləri yoxlayaraq referendumun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.


Baş nazirin istefa barəsində məktubuna ölkə parlamentində baxılmalıdır.

Xəbər lenti