Xəzər Xəbər

Angela Merkelin bloku ilə ASDP razılığa gəlib

Dünya | 15:39 • 7 Fevral 2018
Angela Merkelin bloku ilə ASDP razılığa gəlib

Angela Merkelin mühafizəkar bloku və Almaniya sosial-demokrat partiyası (ASDP) uzun sürən danışıqlardan sonra yeni hökumətin işinin əsasını təşkil edəcək koalisiya sazişi barədə razılığa gəlib.


AZƏRTAC xəbər verir ki, DPA agentliyinin məlumatına görə, partiyalar, həmçinin nazir portfellərinin paylanması haqqında da razılaşıblar.


"Bild” qəzeti yazır ki, ASDP yeni hökumətdə Xarici İşlər Nazirliyinə rəhbərliyi özündə saxlayacaq. Bundan başqa, Maliyyə Nazirliyi xristian demokratlardan (XDİ) sosial demokratların sərəncamına veriləcək. ASDP, eyni zamanda, öz nümayəndəsini əmək və sosial məsələlər üzrə nazir postuna qoyacaq. "Qırmızılardan” isə XDİ-yə İqtisadiyyat Nazirliyi keçəcək və onlar əvvəlki kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək.


Yaxın vaxtlarda Bavariyanın Baş naziri postunu tərk edəcək Xristian-sosialistlər ittifaqının (XSİ) rəhbəri Horst Zeehofer daxili işlər naziri vəzifəsinə təyin olunacaq.


XDİ/XSİ və ASDP-nin iştirak etdiyi koalisiya danışıqlarının həlledici raundu demək olar ki, 24 saat davam edib. Koalisiya sazişinin ya bu gün axşam, ya da sabah səhər saatlarında ictimaiyyətə təqdim olunacağı gözlənilir. XDİ idarə heyətinin iclasını Berlində, XSİ isə Münhendə keçirəcək. Hər iki partiyanın vahid parlament fraksiyası da sazişlə bağlı yığıncaq təşkil edəcək. Koalisiya sazişi üzrə səsvermənin keçiriləcəyi XDİ-nin qurultayı fevralın sonuna nəzərdə tutulur.


ASDP-də isə vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, 440 min partiya üzvü koalisiya sazişi ilə bağlı rəyini bildirməlidir.

Xəbər lenti