Xəzər Xəbər

Mayon vulkanı 700 metr hündürlükdə lava püskürüb

Dünya | 12:42 • 23 Yanvar 2018
Mayon vulkanı 700 metr hündürlükdə lava püskürüb

Yanvarın 23-də Filippində bu yaxınlarda oyanan Mayon vulkanında püskürmə baş verib.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, lava kraterdən 700 metr, vulkan külü isə 3 kilometr hündürə qalxıb. Albay və Kamarines-Sur əyalətlərinin şəhərlərində kül yağışı müşahidə edilib və görmə məsafəsi demək olar sıfıra enib.

Bu, seysmoloqların son günlər müşahidə etdikləri təkanların arasında ən güclüsüdür. Yerli hökumət bölgədə dördüncü təhlükə səviyyəsi elan edib. Yaxın günlərdə daha güclü püskürmənin baş verəcəyi gözlənilir. Təxliyə zonası vulkan ətrafında 8 kilometr radiusa qədər genişləndirilib.

Hazırda müvəqqəti yaşayış mərkəzlərinə 30 mindən çox yerli sakin yerləşdirilib. Vulkan püskürməsi nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Mayon vulkanı Filippinin paytaxtı Maniladan 340 kilometr məsafədə, Albay əyalətində yerləşir. Burada ilk püskürmə 1616-cı ildə, 1,2 min nəfərdən çox insanın ölümünə səbəb olan ən təhlükəlisi isə 1814-cü ildə qeydə alınıb. Vulkan alpinistlər arasında populyardır. Burada 2013-cü ildə baş verən püskürmə zamanı 5 turist həyatını itirmişdi.

Xəbər lenti