Federal Təhqiqatlar Bürosu Las-Veqasda 58 nəfərin ölümü ilə nəticələnən hücumu terrorla əlaqələndirmir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu jurnalistlərə FTB-nin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hələlik cinayət işini terrorla bağlayan heç bir sübut tapılmayıb. Bununla belə, heç nəyi qabaqcadan istisna etmək də olmaz.
Xatırladaq ki, Stiven Peddok ABŞ-ın Las-Veqas şəhərinin mərkəzində açıq havada keçirilən musiqi festivalına toplaşan 20 minlik kütləni "Mandalay Bay Hotel” otel-kazino kompleksinin 32-ci mərtəbəsindən atəşə tutub. Sonradan polis işçiləri onun olduğu otağa yaxınlaşan zaman özünü öldürüb. Otel otağında və Peddokun mənzilində aparılan axtarış zamanı 47 silah aşkarlanıb. Las-Veqas faciəsi ABŞ-ın müasir tarixində odlu silahdan istifadə edilməklə törədilən kütləvi qətllər arasında ən böyüyüdür.
Bu ərəfədə Prezident Donald Tramp və xanımı Las-Veqasa səfər ediblər. Dövlət başçısı 7 saatdan çox sürən səfəri zamanı şəhər xəstəxanasında yaralılara baş çəkib, polis və xilasetmə xidməti əməkdaşlarına göstərdikləri igidliyə görə təşəkkür edib. Şəhərin şerifi Cozef Lombardo Prezidenti cinayət işinin istintaqı barədə məlumatlandırıb.