Xəzər Xəbər

İnternetdə uşaqların təhlükəsizliyinin təmini üçün daha etibarlı proqramlara böyük ehtiyac var

Cəmiyyət | 12:23 • 19 Noyabr 2022
İnternetdə uşaqların təhlükəsizliyinin təmini üçün daha etibarlı proqramlara böyük ehtiyac var

Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.

Xezerxeber.az xəbər verir ki, bunu İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva deyib.

İnstitutun seminarında “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda çıxış edən Sabirə Ocaqverdiyeva bildirib ki, internet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir: "Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir".

S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.

Tədqiqatçı bildirib ki, internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənib, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilib.

Xəbər lenti