Bakıda daha bir
hündürmərtəbəli bina "Kütləvi çıxarış” kampaniyasının ünvanı oldu.
İctimai xidməti birbaşa vətəndaş ünvanına aparan bu kampaniya 21
sentyabrda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 4 ünvanında
yerləşən binada keçirildi.
Əmlak Məsələləri Dövlət Komitəsinin
mobil ofisləri vasitəsilə göstərilən xidmətlər sakinlərin yüksək
marağına səbəb oldu. Mənzil sahibləri evlərini tərk etmədən çıxarış əldə
etdilər. Belə ki, 2 bloklu, 57 mənzilli binanın həyətində reallaşan
layihədə 30 vətəndaşa çıxarışlar təqdim olundu. Bununla da daşınmaz
əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa
ehtiyac qalmadı.
Həmin gün binanın digər 20 sakinindən isə ilkin
hüquq müəyyənedici sənədlər toplandı. Mobil ofislərə müraciət edənlərə
hüquqi məsləhətlər verildi. Kampaniyanın keçirildiyi bina ilə yanaşı
digər binaların sakinləri də göstərilən xidmətlərdən istifadə etdilər.
Bu
kampaniya xidmətləri vətəndaşa daha yaxın edir, operativlik amilini
artırır, əhali ilə xidmət arasında birbaşa əlaqə yaradır. Eyni zamanda
digər ünvanlara müraciət etməyə ehtiyac qalmır, qeydiyyat xidmətlərində
əlçatanlıq prinsipi təmin olunur.
Cari il ərzində 15-dən çox
"Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu sosial tədbir fərqli
məkanları əhatə edir. Belə ki, coğrafiyasından asılı olmayaraq
respublikanın ayrı-ayrı şəhərlərində, ucqar kəndlərində, o cümlədən iş
yerlərində də keçirilir.
Qeyd edilməlidir ki, Bakı
şəhərində mənzil bazarında mövcud aktivlik daşınmaz əmlak
sənədləşməsini zəruri edir. Çıxarışlı mənzillərin iqtisadi proseslərə
geniş formada cəlb edilməsi əmlakların etibarlı və hüquqi zəmanətli
olması ilə bağlıdır. Sadalanan amillər vətəndaşların mənzillərə dair
çıxarış almaq marağını artırır. Layihə çərçivəsində çıxarışların
verilməsi ilə hər kəsin mülkiyyət hüququ cəld və kütləvi şəkildə təmin
olunur.
Daha geniş formada keçirilən komitənin "Əmlakını
qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam etməkdədir.
Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar
formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və
qəsəbələrdə reallaşır. "Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol”
kampaniyasının növbəti ünvanı 24-28 sentyabr tarixlərində, saat
09:00-dan 17:00-dək Abşeron
rayonu Görədil kəndi, İlqar Yusubov küçəsi, 3 (Görədil İcra
Nümayəndəliyinin yanında) olacaq. Fərdi yaşayış evləri, bağ evləri,
həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq
istəyən sakinlər mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək bu
kampaniya Abşeron rayonunun 10 qəsəbəsində keçirilib. Başlandığı dövrdən 750-yə yaxın vətəndaşın müraciəti qeydə alınıb.