2018-ci ilin II rübü
ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və
tranziti üzrə 105 hüquqi şəxsə icazə verilib.
Nazilrikdən XəzərXəbər-ə verilən xəbərə görə ,bunlardan 87 icazə 5 saylı "ASAN Xidmət”
mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 82-si ixrac
nəzarətinə düşən malların idxalı, 13-ü ixrac nəzarətinə düşən malların
ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı
icazələr olub.
"Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektrik enerjisinin sənaye parkının hüdudlarında paylanmasına görə 1 icazə verilib.
Ümumilikdə 2018-ci ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən 177 hüquqi şəxsə icazə verilib və bu icazələrin 131-i ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Qaydalara
uyğun olaraq, icazələrin verilməsi üçün təqdim olunmuş sənədlərdə
məlumatların, texniki göstəricilərin düzgünlüyü yoxlanılıb, xarici
iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların
ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan
sonra həmin malların ixracı, idxalı və tranzitinə icazə verilib. Bundan
başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin
reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat
Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.
Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin "ASAN Xidmət”
mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin
verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin
asanlaşdırılmasını təmin edib. Hazırda 3 növ icazənin "ASAN Xidmət”
mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə,
mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və
ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi
haqqında şəhadətnamənin verilməsi daxildir.
Vətəndaşlar
nazirliyin rəsmi internet səhifəsində "Elektron xidmətlər” bölməsinə
daxil olmaqla (və ya e-xidmet.minenergy.gov.az saytına girərək) icazə
almaq üçün sənədlərini elektron qaydada da göndərə bilərlər.
Hazırda Energetika Nazirliyi
tərəfindən "icazələrin verilməsi” üzrə informasiya ehtiyatının
"Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam
etdirilir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 3 nömrəli əlavəsində göstərilmiş nazirlik tərəfindən verilən
icazələr barədə məlumatlar Dövlət Xidmətləri Portalına daxil edilib və Energetika Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış "Xidmətlər” bölməsinin "Dövlət xidmətləri” hissəsində yerləşdirilib.