Xəzər Xəbər

Yardımlıda son tunc dövrünə aid kurqan tipli abidələr aşkarlanıb

Mədəniyyət | 14:43 • 19 Oktyabr 2017
Yardımlıda son tunc dövrünə aid kurqan tipli abidələr aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin başçılıq etdiyi arxeoloji ekspedisiyanın Yardımlı rayonu ərazisində apardığı tədqiqatlar nəticəsində yeni abidələr aşkarlanıb.

İnstitutdan xezerxeber.az-a bildiriblər ki, arxeoloji qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən çoxlu sayda qəbir abidələrində, həmçinin müxtəlif struktura malik kurqan və daş qutu qəbirlərində aparılıb. Kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Ehtimal olunur ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc-ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir.

A.Ağalarzadə qeyd edib ki, ərazidə 2 tip kurqan - daş örtüklü və ətrafı kromleksli kurqan, dəfn kamerası daş qutu tipli kurqan mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) aran-yaylaq maldarlıq təsərrüfatı ilə məşğul olan insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır.

Alim qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümüklərinin təyinatı və tarixinin dəqiqləşdirilməsi üçün müvafiq laboratoriyalara təqdim edildiyini söyləyib.

Arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri də aşkarlanıb. Bu yaşayış yerləri üzərində indi müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur.

Xəbər lenti