Xəzər Xəbər

Qubadakı tarixi sinaqoq muzey kimi fəaliyyət göstərəcək - FOTO

Mədəniyyət | 15:19 • 13 Oktyabr 2017
Qubadakı tarixi sinaqoq muzey kimi fəaliyyət göstərəcək -

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə azsaylı xalqın tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatların toplandığı muzey yaradılır.

AZƏRTAC xəbər verir ki, muzey Qırmızı qəsəbədəki tarixi Karçoqi sinaqoqunda fəaliyyət göstərəcək. Sinaqoq sovet dövründə bağlanaraq təyinatı üzrə istifadəyə icazə verilməyib və dini məbəd kənd təsərrüfatı məhsullarının saxlanıldığı anbara çevrilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Pisax İsakov bildirib ki, sinaqoq qəsəbədən olan xeyriyyəçilərin maliyyə vəsaiti ilə yenidən qurulur. Sinaqoqun bərpası ilə yanaşı, buranın muzey kimi fəaliyyət göstərməsi üçün də paralel iş aparılır. Muzeyin bədii tərtibatı ilə məşğul olan Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondu evlərdə qorunub saxlanılmış qədim, dəyərli əşyaların muzeyə verilməsi üçün əhaliyə müraciət edib.

XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid sinaqoqun təmiri zamanı tarixi görünüşü qorunub saxlanılacaq. Təmir işlərində həmin dövrün tikinti materiallarından istifadə olunacaq.

Təmir işləri başa çatdıqdan sonra sinaqoqun zirzəmi hissəsində konfrans zalı, kitabxana və muzeyin ehtiyat fondu fəaliyyət göstərəcək.

Xəbər lenti