Xəzər Xəbər

Bakıda yeni alınan son model avtomobilin üzərinə mişar daşı atıblar VİDEO

Maşın sahibi kimdən şübhələnir?
Veb TV | 19:33 • 10 Sentyabr 2023
Bakıda yeni alınan son model avtomobilin üzərinə mişar daşı atıblar

Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı atılıb və maşına ziyan vurulub.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianı paytaxt sakini Ramal İsayev edir.

O, axşam saatlarında Binəqədi rayonu, Atatürk prospektində yaşadığı binanın qarşısında avtomobilini park edərək evinə gedib. Bir saatdan sonra ona qonşular məlumat verib ki, maşının üstünə mişar daşı atıblar.

Zərərçəkmiş Ramal İsayev heç kimlə şəxsi ədavətinin olmadığını deyir. Amma o iddia edir ki, ''Avtomir N1'' mağazasının sahibi ilə avtomobili yaşadığı binanın qarşısında park etmək üstündə mübahisə etdikdən sonra belə hadisə baş verib. Zərərçəkmiş polisə də məlumat verib. Əraziyə 5-ci polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər.

Hadisə ilə bağlı ''Avtomir N1'' mağazasına getdik. Bizi qarşılayanlar mağaza rəhbərinin işdə olmadığını bildirdilər. Onlar sözügedən hadisədən isə səhər xəbər tutduqlarını deyirlər.

Məsələ Daxili İşlər Nazirliyinin də nəzarətindədir. Din-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov ''Xəzər Xəbər''ə bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır və əmələ hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti