Xəzər Xəbər

Gəncədə 2 təhsil müəssisəsində yanğın baş verib, tüstüdən zəhərlənənlər var VİDEO

Veb TV | 20:35 • 16 Yanvar 2023
Gəncədə 2 təhsil müəssisəsində yanğın baş verib, tüstüdən zəhərlənənlər var

Bu gün Gəncədə bir gündə 2 təhsil müəssisəsində yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə Dövlət Universiteti nəzdində Gəncə Dövlət Regional Kollecində yanğın qeydə alınıb.

 Kollecdə anidən başlayan yanğınla əlaqədar əraziyə FHN əməkdaşları cəlb olunub. Elektrik naqillərində qısaqapanma nəticəsində başlayan yanğın ram edilərək yayılmasının qarşısı alınıb. Hadisə imtahan vaxtı olub.  Yanğın zamanı 10 tələbə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım göstərilən tələbələrin bəziləri evə buraxılıb, digələrinin müalicəsi davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, umumilikdə 14 nəfər xəstəxanaya müraciət edib. Onlardan 10-u evə buraxılıb.

Gəncədə  digər yanğın hadisəsi Azərbaycan Dövlət Aqrar Universitetinin  yataqxanasında qeydə alınıb. Yataqxananın 7-ci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi tələbələr özləri yanğına müdaxilə ediblər. Onlar mərtəbələrdə qoyulan yanğınsöndürən balonlarla müdaxilə edərək alovun qarşısını alıblar.

Hadisə  zamanı xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti