Xəzər Xəbər

Nuru Paşanın Azərbaycana gəlməsində Nağı bəy Şeyxzamanlının xüsusi xidmətləri olub VİDEO

Veb TV | 20:35 • 28 May 2022
Nuru Paşanın Azərbaycana gəlməsində Nağı bəy Şeyxzamanlının xüsusi xidmətləri olub

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

Xezerxeber.az-ın məlumatına görə, Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əslən Gəncədən olan siyasi xadimlərin rolu danılmazdır. Şeyxzamanlı qardaşları isə onlar arasında xüsusi xidmətləri ilə seçilirdi.

Cümhuriyyətin xüsusi xidmət orqanlarının formalaşması və Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində həlledici addımlara imza atan bu qardaşların ata ocağı indi Gəncədə ən çox ziyarət edilən tarixi məkanlardandır.

Yusifbəylilər, Ziyadxanovlar, Xasməmmədovlar, Rəfibəylilər, Rüstəmbəyovlar və başqa əsilzadə gəncəli ailələrin hər biri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlət strukturlarının formalaşdırılmasında əvəzsiz xidmətləri ilə tarixə düşüblər. Elə Şeyxzamanlı qardaşları da XX əsrin əvvəllərində milli azadlıq hərəkatının əsas mərkəzlərindən birinə çevrilən Gəncədə doğulub böyümüş və bu mühüm ictimai-siyasi mühitdə formalaşmışdılar. Onların cümhuriyyət tarixindəki izləri isə tarixçilər üçün ən maraqlı tədqiqat mövzularındandır...

Müstəqil Azərbaycan dövlətinin yaranmasına hazırlıq işləri Xalq Cümhuriyyətinin elan olunmasından əvvəl başlamışdı. Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun ilk dayanacağı da təsadüfi deyil ki, məhz Gəncə oldu.

Nağıbəy Şeyxzamanlının kiçik qardaşı İsrafil bəyin nəvəsi, indi Şeyxzamanlılar ocağının qoruyucusu olan Arifə xanım deyir ki, nəinki Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, hətta kimin komandanlığı altında gəlməsi də məhz AXC xüsusi xidmət orqanlarının rəhbəri olmuş Nağı bəyin adı ilə bağlıdır.

Nuru Paşanın 3 aya yaxın Şeyxzamanlıların evində qalmasının və orduya buradan rəhbərlik etməsinin əsas səbəbi həm də o idi ki, Nağıbəy Şeyxzamanlı onun Azərbaycana gəlməsini Ənvər Paşadan xahiş edərkən təhlükəsizliyinə zəmanət vermişdi. İstər Şeyxzamanlı qardaşları, istərsə də əksəriyyəti Gəncə Klassik Kişi Gimnaziyası və Gəncə Ruhani Seminarıyasının məzunları olan digər gəncəli cümhuriyyət xadimlərinin irsi isə tədqiqat üçün zəngin mənbə olaraq qalır.

Milli fakt isə odur ki, AXC dövründə qaldırılan üçrəngli bayrağımız ötən ildən Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan və Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti