Xəzər Xəbər

Xudafərin necə azad olunub? - Xudafərini azad etmiş oğullar danışdı VİDEO

Veb TV | 21:52 • 18 Oktyabr 2021
Xudafərin necə azad olunub? - Xudafərini azad etmiş oğullar danışdı

Bu gün Cəbrayıl rayonunda yerləşən Xudafərin kəndinin və tarixi Xudafərin körpüsünün düşmən tapdağından azad olunmasından bir il ötür. Xüsusi kövrək xatirələrin olduğu bu yurd yerinin strateji əhəmiyyəti də böyükdür. Tarixi məkandan bu yurdun tarixinin ən özəl günündə, Xudafərini azad etmiş oğullar təfərrüatı ilə XəzərXəbər-ə danışıblar. 

Sanki dünyanın ən uzun səfərinə çıxmışıq, bu yol bizi tarixə aparır, çünki yaşı 30-u keçməyən azərbaycanlıların yalnız tarix kitablarının səhifələrində gördüyü Xudafərini ziyarətə gedirik. 208 il əvvəl ayrılıq xəttinə, 28 il əvvəlsə həsrət məkanına dönən Xudafərinin ikinci doğum günüdür. Ötən ilin bu günü Xudafərin azadlığına qovuşaraq yenidən doğuldu. Məhz keçən ilin bu günündə Xudamıza şükür edib, ordumuza afərin dedik - Xudafərin!

Ötən il azad, bu il isə abad olunan torpaqlara çatdıq. Bir il əvvəl cəbhə xətti olan bir nöqtədə sadəcə adlar və rəqəmlər insana nələr demir İlahi?

Qıyğacı axan çay, bir də əzəmətli dayanan körpü artıq bizim Cəbrayılın Xudafərin kəndinə çatmağımız deməkdir. 1993-cü ildə işğal edilən Xudafərini Azərbaycanın müstəqilliyini bərpa etməsinin 29-cu ilində, vətən müharibəsinin 22-ci günündə ordumuz azad etdi.  

Buralar nə qədər gözəl, xatirələri nə qədər kövrək olsa da, adam baxanda gözü yol çəkmir, gözümüzü özünə körpü çəkir - Xudafərin körpüsü. Baxdıqca baxırsan, bənd olursan, sonra ətrafa baxanda bir də bənd görürsən, yeni tikilib istifadəyə verilən su bəndi. Gəlin indi körpü Xudafərindən keçək körpə Xudafərinə. Hansı ki, böyüyüb bütün regiona işıq saçacaq. Söhbət Xudafərin su elektrik stansiyasından gedir. 

208 ilin oktyabrında Gülüstan müqaviləsi ilə bölünən gülüstan diyarın Xudafərin kəndinin işıqları yaxın zamanlarda bərq vuracaq, hələ Arazın sahilindən yenidən dəmir yolu da keçəcək. Dəmir yumruqla alınan torpaqlarımızdan Zəngəzura, oradan da Naxçıvana dəmir yolu ilə getmək mümkün olacaq.

Bu gün bu torpaqlara ayaqlarımız Vətən övladlarının canları və sağlamlıqları bahasına dəyir

Yurd kimindir? Orada məskən salanın, yaşayanın, yaradanın və qoruyanın. Ermənilər isə bu yurddan daha sürətlə qaçıblar, qorumaq və qorunmaq üçün burada heç nə saxlamayıblar.  

Xudafərin kəndi hələlik dağıntıların tablosu kimidir, amma buralar yenə hər bir azərbaycanlının ən çox görmək istədiyi yerlərdən biridir. 

Xəbər lenti

Çox oxunanlar