Xəzər Xəbər

İntizam komissiyasının üzvləri deputatın toxunulmazlığının ləğvinə səs veriblər VİDEO

Veb TV | 22:04 • 2 Avqust 2021
İntizam komissiyasının üzvləri deputatın toxunulmazlığının ləğvinə səs veriblər

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki,iclasda Baş prokurorun təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi məsələsinə baxılıb.

Polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə təəssüfləndiyini söyləyib. Komissiyanın üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Növbədənkənar plenar iclas isə sabah keçiriləcək.

Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasından da çıxarılıb. Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin qərarına əsasən, Eldəniz Səlimov partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar üzvlükdən xaric edilib.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd edilib ki, müvafiq qərarlar rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir. Cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma, yaxud hər hansı istisna yoxdur.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, millət vəkili haqda cinayət işinin başlanması onu göstərir ki, heç kəs qanundan üstün deyil. 

Əliməmməd Nuriyev bildirir ki, deputatların toxunulmazlığı var. Amma toxunulmazlıq hüququ onlara fəaliyyətlərini həyata keçirərkən maneə törədilməməsi üçün verilir, vəzifədən sui-istifadə üçün yox. Vəzifəli şəxslərin özləri digərlərinə, eləcə də vətəndaşlara nümunə olmalıdırlar. Eldəniz Səlimov bu əməli törətməklə polis əməkdaşı ilə yanaşı, dövlətin də qanunla qorunan maraqlarına zərbə vurub: "Vəzifəli şəxslərin törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verdiyini əvvəllər də görmüşük. Vəzifədə olan hər kəs bütün bunlardan ibrət götürməlidir".

Millət vəkilinin törətdiyi əmələ görə son qərarı isə məhkəmə verəcək.      

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  

Xəbər lenti