Xəzər Xəbər

Qurtuluşdan zəfərə gedən yol VİDEO

Veb TV | 20:59 • 15 İyun 2021
Qurtuluşdan zəfərə gedən yol

1993-cü ilin iyun ayı... Xalq öz müqəddəratını həll etməli idi. Bir tərəfdən təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsi, digər tərəfdən ölkədə gedən vətəndaş müharibəsi və taxt-tac oyunları Azərbaycanın taleyini sual altına salmışdı. Belə bir çətin vəziyyətdə artıq millətimizin qarşısına hansısa qüvvələr keçə bilmədi və xalqın təkidli tələbi ilə Heydər Əliyev Ali sovetin sədri seçildi. Həmin dövrdən başlayaraq ulu öndərin uzaqgörən və qətiyyətli siyasəti, böyük siyasi təcrübəsi sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, dövlət quruculuğunun hüquqi əsasları, dövlət idarəçilik mexanizmləri yaradıldı, bazar iqtisadiyyatı quruldu və ən əsası, 1994-cü ildə atəşkəslə bağlı razılaşmanın əldə olunması ilə digər torpaqlarımızın işğal edilməsinin qarşısı alındı. Məhz bundan sonra Azərbaycan beynəlxalq təcriddən xilas olaraq beynəlxalq birliyin layiqli üzvünə çevrildi...

Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ordu quruculuğu sahəsində ciddi addımlar atdı və məhz həmin ordu bu gün işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev də ulu öndərin prinsiplərinə sadiq qalaraq, Azərbaycanın həm beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə nail oldu, həm iqtisadiyyatımızın sürətli inkişafına və daxili sabitliyin qorunub-saxlanmasına çalışdı, həm də ordu quruculuğunu ən yüksək səviyyədə inkişaf etdirdi. Cəmi 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər isə düşünülmüş strategiyanın nəticəsi oldu.

Bu gün 15 iyun- Qurtuluş Günü ilə 8 noyabr- Zəfər Günü tarixin ayrı-ayrı səhifələrində dayanıb, bir-birini alqışlayırlar. Çünki hər iki tarix yeni reallıqların yaradılması ilə həmahəngdir. Heydər Əliyevin ötən əsrin 90-cı illərində Azərbaycana dəvət olunması ilə ölkə uçurumdan xilas edilmişdisə, onun siyasi davamçısı İlham Əliyev isə torpaqlarımızın işğaldan azad edilməsi və müzəffər zəfərimiz ilə regionda yeni reallığın və sabitliyin bərpa olunmasına imza atdı.

Bu gün Qurtuluş Gününü xalqımız həm Azərbaycanın məhv olmaq təhlükəsindən xilas olduğu gün kimi, həm də 8 noyabr-Zzəfər gününün təməli kimi qeyd edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti