Xəzər Xəbər

Sumqayıtda ağacların gövdəsi süni otlarla örtülüb VİDEO

Veb TV | 21:23 • 15 İyun 2021
Sumqayıtda ağacların gövdəsi süni otlarla örtülüb

Sumqayıt şəhərində ağacların gövdəsi süni otlarla örtülüb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt parkının ərazisində olan bir neçə ağac plastik yaşıl örtüklə bəzədilib.

Ağaclar isə havasızlıqdan qurumaq təhlükəsi ilə üz-üzədir.

Bəs ağacların bu hala salınmasında məqsəd nədir?

Həmin ərazidə yaşayan sakinlərin iddialarına görə, bu ağacları yaxınlıqda olan obyekt sahibləri ərazisi daha yaxşı görünsün deyə özləri bu hala salıblar. Bununla bağlı vətəndaşların fikirləri isə fərqlidir.

Mütəxəssislərin fikrincə, bu cür süni plastik örtüklər həm ağacların qurumasına, həm də torpaqda olan canlı aləmin məhvinə səbəb olur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin 11 saylı regional idarəsinin rəisi Vaqif Cavadov bildirib ki, yaşıllıqların normal bioloji inkişafına mənfi təsir göstərən hər hansı kənar müdaxilə yolverilməzdir. Belə hallarda nazirlik tərəfindən torpaq mülkiyyətçisinə ağacların gövdəsinin yaşıl örtükdən azad olunması barədə tələblər irəli sürülür. Lakin həmin yaşıl örtüklə örtülmüş ağaclar bioloji inkişafdan qalmayıbsa, həmin ağacların üzərində zədə müşahidə olunmayıbsa, ağacların yaşıl örtüklə örtülməsinə görə qanunvericilikdə hər hansı bir inzibati tədbir nəzərdə tutulmayıb.

Qeyd edək ki, "Xəzər Xəbər"in müdaxiləsindən dərhal sonra həmin ağacların üzərindəki süni örtüklər nazirliyin 4 saylı regional idarəsinin əməkdaşları tərəfindən sökülərək aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti