Xəzər Xəbər

Ağır yaralansa da, döyüşü tərk etməyib...- Şəhid Fərid Nadirov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 19:44 • 15 İyun 2021
Ağır yaralansa da, döyüşü tərk etməyib...- Şəhid Fərid Nadirov Vətən müharibəsində böyük şücaət göstərib

Hərbi xidmətini başa vurduqdan sonra toyunu edəcəkdilər. Ancaq onun şəhid xəbəri gəldi...

Xezerxeber.az-ın məlumatına görə, söhbət İkinci Qarabağ muharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Nadirovdan gedir.

O, 2000-ci ildə Göyçay şəhərində dünyaya gəlib. Orta məktəbi bitirərək kollecə daxil olub. Təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti zamanı pulemyotçu olduğundan sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı öndə gedən hərbçilərimizlə çiyin-çiyinə vuruşub.

Şəhidimiz ilk olaraq Goranboy, daha sonra Füzuli, Hadrud və Suqovuşan istiqamətində gedən döyüşlərə qatılıb. Müharibənin ağır günlərində Fərid Suqovuşanda gedən döyüşlər zamanı yaralanmasına baxmayaraq, döyüş yoldaşları onu hospitala göndərə bilməyiblər. Yaralı halda iki gün döyüşlərdə iştirak edib. Valideynləri ilə sonuncu danışığı oktyabrın 6-da olub. Bu zaman valideynlərinə hər şeyin əla olduğunu deyərək sağollaşıb. Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə iştirak edərkən oktyabrın 13-də şəhadətə yüksəlib.

Onun nəşi 46 gündən sonra ailəsinə təhvil verilib. 20 yaşlı şəhidimiz Fərid Nadirov Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, ölümündən sonra ''Vətən uğrunda'' və ''Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti