Xəzər Xəbər

Gürcüstanda azərbaycanlılara hücum edilib, yaralılar var VİDEO

Veb TV | 20:19 • 17 May 2021
Gürcüstanda azərbaycanlılara hücum edilib, yaralılar var

Gürcüstanın Dmanisi rayonu, "9 aprel" küçəsi 23-də yerləşən azərbaycanlıya məxsus mağazaya hücum edilib.

Xezerxeber.az-ın məlumatına görə, üzləri bağlı şəkildə marketin qarşısında olan şəxslərə yaxınlaşıb onları döyməyə başlayırlar. Nəticədə bir neçə nəfər ciddi xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, mayın 16-da saat 17.00 radələrində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib. Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib. Bildirilib ki, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur. Həmçinin o da qeyd olunub ki, bütün bu amilləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq".

Gürcüstan Daxili İşlər Nazirliyi də baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. Vurğulanıb ki, aparılan istintaq tədbirləri ilə qarşıdurmada iştirak edənlər müəyyənləşdirilib və istintaq çərçivəsində bütün lazımi istintaq və prosessual hərəkətlər aparılır. Qarşıdurmanın təkrarlanmaması və hadisələrin süni bir şəkildə artmasının qarşısını almaq üçün Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə səfərbər edilib və ictimai asayiş təmin edilib. "Daxili İşlər Nazirliyi bir daha qarşı tərəfləri polisin qanuni tələblərinə tabe olmağa və yerdəki münaqişənin süni millətlərarası qarşıdurmaya çevrilməsinə töhfə verməmək üçün sakit olmağa çağırır", - deyə açıqlamada vurğulanıb.

Məsələyə Gürcüstanın vitse-spikeri Arçil Talakvadze də münasibət bildirib. O qeyd edib ki, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar arasında zorakılıq yolverilməzdir. O, baş verənlərə polisin dərhal reaksiya verdiyini və qanunu pozanların müvafiq qaydada cəzalandırılacağını qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti