Xəzər Xəbər

Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulmasının qarşısı alınıb video

Veb TV | 17:11 • 30 Aprel 2021
Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulmasının qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirlikdən xezerxeber.az-a bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Nərimanov rayonunun Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktı müəyyən edilib. Belə ki, həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş tərəfindən layihədən kənara çıxılaraq üç mərtəbə və mansarda əvəzinə dördüncü mərtəbənin inşa edildiyi, beşinci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkarlanıb.

Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün Agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bundan əlavə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Yasamal rayonunun Məmməd Rahim küçəsi, məhəllə 534, ev 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin xarici divarlarının sökülməklə binanın memarlıq görünüşünə qanunsuz dəyişiklik edilməsi faktı müəyyənləşdirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti ilə görülmüş birgə tədbirlər nəticəsində sökülmüş divar bərpa edilib.

Xəbər lenti