Xəzər Xəbər

Sabirabadda 20 yaşlı ana niyə intihar etdi? VİDEO

Veb TV | 21:12 • 26 Aprel 2021
Sabirabadda 20 yaşlı ana niyə intihar etdi?

Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib. Bəzi kütləvi informasiya vasitələrində 20 yaşlı Səmayənin intihar etməsinə səbəb kimi ailəsinin ona mənəvi-psixoloji təsirlər etməsi göstərilsə də, mərhumun həyat yoldaşı və qonşuları bu iddianın əssasız olduğunu bildiriblər.

İntihar hadisəsi aprelin 24-də  axşam saat 19 radələrində qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asaraq intihar edib.

Ailə üzvləri bildirirlər ki, Səmayə həmin gün səhər tezdən duraraq həyət-bacanı təmizləyib. Daha sonra isə balaca oğlunun paltarlarını yuduqdan sonra həyətlərində olan nar bağına gəlib və oğlu ilə bir neçə şəkil çəkdirib.

Bir müddət keçdikdən sonra isə qayınanası Səmayənin özünü nar ağacından asaraq intihar etdiyini görüb. Səmayənin yoldaşı Eldar Zeynalov deyir ki, bir neçə gün əvvəl yoldaşına işləmək üçün Rusiyaya gedəcəyini bildirib. Həmin vaxt onlar arasında yüngül münaqişə olsa da, sonradan Zeynal Səmayəyə bildirib ki, Rusiyada işlərini qaydaya saldıqdan sonra onları da yanına aparacaq.

O ki qaldı Eldarın valideynlərinin Səmayəyə mənəvi-psixoloji işgəncə verdiklərinə və onu bezdirib intihar həddinə çatdırdıqlarına dair iddialara, ailə bu deyilənləri təkzib edib. Elə qonşular da yayılan məlumatlara inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. Sabirabad Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi cinayət işi başlanıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə verilən açıqlamaya görə, artıq problem qurum tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırma aparılır.

Xəbər lenti