Xəzər Xəbər

Minaya düşüb gözlərini itirən ANAMA əməkdaşı çağırış etdi - O ərazilərə icazəsiz getməyin VİDEO

Veb TV | 20:25 • 24 Aprel 2021
Minaya düşüb gözlərini itirən ANAMA əməkdaşı çağırış etdi - O ərazilərə icazəsiz getməyin

"15 illik iş təcrübəmə baxmayaraq, mən əgər ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı oldumsa, deməli, minadan anlayışı olmayan bir insan üçün bu, daha təhlükəlidir". Bu sözlərin müəllifi 38 illik ömrünün 15 ilini minaların axtarılması və zərərsizləşdirilməsi kimi təhlükəli bir peşəyə həsr etmiş Elməddin Mirzəyevə məxsusdur. O, verilmiş tapşırığı yerinə yetirərkən iki gözünü və bir ayağını itirib. İndi onun qeyri-qanuni yollarla işğaldan azad edilmiş ərazilərə getmək istəyən vətəndaşlarımıza deyəcəyi sözü var.

Elməddin Mirzəyev Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kənd sakinidir. O, 38 illik ömrünün 15 ilini ermənilərin basdırdığı minaları aşkarlayıb zərərsizləşdirməklə keçirib. Elə gözlərini və bir ayağını da bu yolda itirib...

ANAMA-da çalışdığı ilk gündən digər minaaxtaran yoldaşları kimi, o da çalışdığı minalı ərazilərdə hər gün ölümlə üz-üzə gəlib. Tək arzusu xalqımızın günahsız insanlarının ermənilərin qurduğu bu ölüm tələlərinə tuş gəlməmələri olub. 

Elməddinin son iş günü bu ilin yanvar ayının 29-da olub. Bərdə-Ağdam dəmiryol xəttinin minalardan təmizlənməsi tapşırığını alıb və əraziyə yollanıb. Ancaq bu dəfə evinə salamat qayıda bilməyib: bir ayağını və iki gözünü itirib..

İndi onun yeganə arzusu övladları ilə bağlıdır. Evində 4 oğul böyüyür: Həsən, Rəvan, Tofiq və Yaqub. Ən böyüyünün 18, ən balacasının isə 6 yaşı var.

Elməddin Mirzəyevin işğaldan azad olan ərazilərə qeyri-qanuni yolla keçmək istəyən soydaşlarımıza da deyəcəyi sözü var. "15 illik iş təcrübəmə baxmayaraq, mən əgər ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı oldumsa, deməli, minadan anlayışı olmayan bir insan üçün bu, daha təhlükəlidir",- deyir Elməddin Mirzəyev və əlavə edir: "Bu səbəbdən də heç kim o ərazilərə getməyə cəhd etməsin. Çünki minaaxtaranlar o yerləri məhz canları bahasına təmizləməyə çalışırlar".

Xəbər lenti