Xəzər Xəbər

119 nömrəli marşrutun sürücülərinə iki ildən çoxdur ki, maaş verilmir şikayət/video

Veb TV | 23:21 • 21 Aprel 2021
119 nömrəli marşrutun sürücülərinə iki ildən çoxdur ki, maaş verilmir

Xırdalan şəhərindən metronun "Memar Əcəmi" stansiyasına qədər hərəkət edən 119 nömrəli marşrutun sürücüləri adlarına maaş kartı açıldığı halda əməkhaqqı ala bilmədiklərini iddia edirlər.

Günlük plan əsasında işləyən sürücülər bildirirlər ki, onlara aid maaş kartının olmasından uzun müddət xəbərsiz olublar.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər iddia edirlər ki, maaş almadıqları halda, sərt karantin dövründə 190 manat birdəfəlik yardım üçün müraciət etdikdə adlarına maaş kartı olduğu üçün imtina cavabı alıblar.

119 nömrəli marşrut xəttinin məxsus olduğu "Xaliq Faiqoğlu" şirkətindən "Xəzər  Xəbər"ə bildirildi ki, yaxın günlərdə avtobuslarda gedişhaqqının kartla ödənişinə başlanacaq.

Şirkətin mətbuat katibi Nizam Rzayevin fikrincə, kartla ödənişə keçid bəzi sürücüləri qane etmədiyindən onlar belə iddialar səsləndirirlər.

Hüquqşünaslar isə deyirlər ki, əgər şirkət sürücülərlə müqavilə bağlayıbsa, götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Sürücülərin maaşı əmək müqaviləsində nəzərdə tutulmuş əməkhaqqının ödəniş formasına uyğun həyata keçirilməlidir.

Şirkətdən tərəflər arasında bağlanmış müqavilənin bir nüsxəsini istəsək də, bundan imtina etdilər.

Sürücülər isə "Xəzər Xəbər"ə bildirdilər ki, artıq bununla bağlı Dövlət Əmək Müffətişliyinə şikayət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti