Xəzər Xəbər

Mərdəkanda və Yasamalda silahlar işə düşdü – yaralılar var VİDEO

Veb TV | 20:13 • 12 Aprel 2021
Mərdəkanda və Yasamalda silahlar işə düşdü – yaralılar var

Gecə Bakıda Yasamal rayonunda silahlı insident olub. Ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs sərxoş olduğu üçün idarə etdiyi avtomobillə hadisə yerindən qaçarkən qəza törədib. Gecənin səssizliyi Xəzər rayonunda da pozulub. Burda baş verən silahlı insident zamanı bir nəfər xəsarət alıb.

Ustanın avtomobili düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.

Silahlı insident gecə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yaşayış evlərinin qarşısında baş verib. 

Əvvəllər də məhkum olunmuş Etibar Əlizadə hadisə yerinə qardaşına məxsus avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra o, sərxoş olduğundan idarəetməni itirərək qəza törədib. Etibar Əlizadə polis əməkdaşları tərəfindən saxlanıb. Ondan atəş açdığı tapança və 7 ədəd patron aşkar edilərək götürülüb. 

Gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində də silahlı insident olub. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında doqquz nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib. Nurməmməd Səfərov Əli Məmmədovu təhqir edərək evindən küçəyə çıxmasını istəyib. Əli Məmmədov isə tüfənglə havaya üç dəfə atəş açıb və bu zaman qırmalardan bir neçəsi Nurməmməd Səfərova dəyib. Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri - Sərvər Mirzəzadə, Vüqar Quliyev, Ceyhun Abbasov, Nəsib Quluzadə, Əziz Sadıqov, İsmayıl Məmmədov, Xeyrulla Səfərov, Fikrət Tağıyev və İzzət Məmmədli saxlanıblar. Əli Məmmədovdan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb. Hadisənin motivi hələ ki bilinmir. Hər iki faktla bağlı cinayət işi başlanıb.

 

Xəbər lenti