Xəzər Xəbər

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirildi VİDEO

Veb TV | 21:06 • 10 Aprel 2021
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirildi

"Dövlət informasiya resursları ilə bərabər, ölkələrimizin özəl media resurslarının da əməkdaşlığa cəlb edilməsinə çox ehtiyac var". Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Türk Şurası çərçivəsində media koordinasiya komitəsinin yaradılmasına ehtiyac var. 

"Bu gün media sahəsində əməkdaşlıq Türk Şurasında ən önəmli mövzularından biridir. Media sahəsində işbirliyi üzv dövlətlərimiz arasında strateji əhəmiyyət daşıyır." Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib. O, Qarabağ savaşı zamanı Azərbaycan və Türkiyə arasında media sahəsində ortaqlığını nümunə göstərib.

Görüşdə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib ki, Türk Şurasına üzv dövlətlərin hər birinə qarşı manipulyativ informasiya müharibəsi aparılır. Ona görə də biz dünya media müstəvisində öz sözümüzü deməyi bacarmalıyıq.

Prezidentin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev toplantıdan sonra görüşün nəticələri ilə bağlı jurnalistlərə açıqlama verib. O deyib ki, dövlət informasiya resursları ilə bərabər ölkələrimizin özəl media resurslarının da əməkdaşlığa cəlb edilməsinə çox ehtiyac var. 

Prezidentin köməkçisi Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarı olduqlarını vurğulayıb. "Gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində media koordinasiya komitəsi yaradılmalıdır",- deyə Hikmət Hacıyev bildirib..

Hikmət Hacıyev Sosial media platformalarında ölkələrimizə qarşı aparılan kampaniyaların qarşısının alınması üçün birgə fəaliyyətin aparılmasının vacibliyini də vurğulayıb.

Hikmət Hacıyevin sözlərinə görə, görüşdə Televiziya və radio şuraları qarşısında Türk Şurası ölkələrinə aid xəbərlərin işıqlandırılmasının illik monitorinqinin aparılması tapşırığı qoyulub.

Xəbər lenti