Xəzər Xəbər

Bakıda evi nəmişlik bürüyüb - mənzil sahibi qonşunu ittiham edir video

Veb TV | 23:48 • 7 Aprel 2021
Bakıda evi nəmişlik bürüyüb - mənzil sahibi qonşunu ittiham edir

Bakıda yaşayış evini nəmişlik bürüyüb. Evin divarları nəmlənib, əşyalarını isə kif basıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nərimanov rayonu, Həsən Əliyev 70 ünvanında yerləşən Sevda Eyvazovaya məxsus fərdi evdən gedir.

Ev sahibi Sevda Eyvazova iddia edir ki, onun yaşayış yerinin bu vəziyyətə düşməsinin səbəbi qonşusu Əziz Səmədov və oğlu  Fərid Səmədovdur.

Həmin şəxslər köhnə mənzillərini sökərək əvəzinə yeni ev tikən zaman onun mülkiyyətinə belə ziyan dəyib. Evin damı uçub, içərisini isə nəmişlik basıb.

Sevda Eyvazova onu da bildirir ki, həmin şəxslər tikinti işlərini qanunsuz olaraq həyata keçiriblər.

Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Fərid Səmədov bildirdi ki, orada bina tikən şirkət onun evinə ziyan vurub. Həmin şirkət tərəfindən evi sökülərək əvəzinə yenisi tikilib. Həmin ev onun şəxsi mülkiyyətidir və tikinti işləri də alınan icazələr əsasında aparılıb.

Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov isə ''Xəzər Xəbər''ə bildirdi ki, orada qonşular arasında mübahisə yaranandan sonra aparılan tikinti işləri dayandırılıb. Məhkəmə predmeti olduğu üçün tərəflər məsələni Nərimanov məhkəməsinə çıxarıb. Məhkəmənin yaxın vaxtlarda yekun qərar qəbul edəcəyi gözlənilir. O ki qaldı tikinti işlərinin icazəli olub-olmamasına, Elçin Həşimov bildirdi ki, orada 2-ci mərtəbədə işlərin qanunsuz aparıldığı aşkar edilib. Buna görə də evin tikintisi yarımçıq saxlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti