Xəzər Xəbər

Şuşaya atılan “İskəndər”dən Ermənistanda yoxdur - Bəs kim edib? VİDEO

Veb TV | 21:59 • 1 Aprel 2021
Şuşaya atılan “İskəndər”dən Ermənistanda yoxdur - Bəs kim edib?

Şuşada Rusiya istehsalı olan "İskəndər" raketinin qalıqlarının tapılması barədə xəbərlər yayıldıqdan sonra ortaya müəyyən suallar çıxıb. Məsələ ondan ibarətdir ki, beynəlxalq qanunvericiliyə əsasən,  Ermənistan ordusunun arsenalında "M" indeksli "İskəndər" raketləri olmamalıdır. Ancaq qalıqların üzərində raketin Rusiya ordusunun istifadəsində olmasını bildirən "M" indeksi qeyd olunub. Yəni suallar çoxdur. Bu suallara hərbi ekspertlər ilə aydınlıq gətirməyə çalışmışıq.

ANAMA Şuşa ətrafında iki ədəd "İskəndər" raketinin qalıqlarını aşkar etdikdən sonra İkinci Qarabağ müharibəsi zamanı operativ-taktiki raketlərdən istifadə məsələsində yeni detallar üzə çıxmağa başlayıb. Məlum olub ki, bu qalıqlar idxalçı ölkənin ixtiyarında olmalı olan "E" indeksli yox, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan "M" modifikasiyasına məxsusdur. Ortaya müəyyən suallar çıxır: M indeksli "İskəndər" raketlərini Ermənistan haradan əldə edib? Bu raket Azərbaycan ərazisinə hansı koordinatdan atılıb və ya Ermənistan M indeksli raketi hansı yolla əldə edib? Leqal yollarla əldə edibsə, niyə silahın indeksi "E" yox, "M"dir?

Bu suallara veriləcək cavablardan asılı olmayaraq, ortada bir fakt var: mülki insanların yaşadığı Şuşa şəhərinə "İskəndər" raketi atılıb. Çünki raketin qalıqları üzərindəki 9M723 identifikasiya nömrəsi onun "İskəndər" olmasına dair heç bir şübhə yeri qoymur. Ancaq hansısa səbəbdən bu raket partlamayıb. Bəs partlasaydı, bunun hansı nəticələri olardı?

Ortaya çıxan ən böyük suallardan biri isə "M" indeksli, yəni xarici ölkəyə satış üçün nəzərdə tutulmayan raketin Ermənistanın əlinə necə keçməsidir. Hərbi ekspert Emin Həsənli bu məsələdə olduqca qaranlıq məqamların olduğunu deyir...

Diqqət çəkən məqamlardan biri də budur ki, Qarabağdakı separatçı rejimin qondarma qərargahının keçmiş rəisi Movses Akopyan noyabrın ortalarında istefa verdikdən sonra keçirdiyi mətbuat konfransında Qarabağda "İskəndər" raketindən istifadə edildiyini bildirmiş, ancaq onun hara atıldığını deyə bilməyəcəyini bəyan etmişdi.

Fakt faktlığında qalır: ortada partlamasa da, mülki insanların yaşadığı şəhərə atılmış bir "İskəndər" raketi var. Ancaq bu raketi atdığını rəsmi şəkildə etiraf etməyə cəsarəti olan ölkə yoxdur.

Xəbər lenti