Xəzər Xəbər

Almaniya niyə təcavüzkarı müdafiə edir? VİDEO

Veb TV | 10:06 • 30 Mart 2021
Almaniya niyə təcavüzkarı müdafiə edir?

Avropanın lokomotivi, eləcə də özünü dünyada demokratiyanın keşikçilərindən biri adlandıran Almaniya vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni hələ də həzm edə bilmir. Hətta bu ölkənin Azərbaycandakı səfirliyi işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlərdə iştirakdan imtina edib. 

Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı haqlı mübarizəsinə birbaşa qarşı çıxan ölkələrdən biri də Almaniya oldu. Təsadüfi deyil ki, bu ölkə müharibə dövründə sərgilədiyi ermənipərəst  münasibətini bu gün də davam etdirməkdədir.

Belə ki, Almaniya erməni vəhşiliyini öz gözləri ilə görməsi üçün Azərbaycandakı diplomatlar üçün işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlərə qatılmır və şəhərlərin, kəndlərin, mədəni abidələrin vandalizmə məruz qalması ilə bağlı bir kəlimə belə açıqlama verməkdən imtina edir.

Almaniya kimi böyük və özünü demokratiya müdafiəçisi kimi göstərən bir dövlətin erməni lobbisinin bahalı hədiyyələr, böyük vəsaitlərlə ələ alaraq Azərbaycana qarşı istifadə etdiyi ölkələr siyahısında olması ciddi təəssüf doğurur. Çünki hər kəsə bəllidir ki, erməni lobbisi xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərəcək şəxsləri böyük rüşvətlər hesabına əldə edir və onlardan lazımı anlarda istifadə edir.  

Öz tarixi keçmişində ərazisinin parçalanması taleyi yaşayan bir ölkənin erməni separatçılarını dəstəkləyərək Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxması hansı aspektdən baxılsa anlaşılan deyil. Hətta bu azmış kimi Bundestaqda Azərbaycan həqiqətlərini söyləməyə çalışan almaniyalı deputatlara qarşı planlı şəkildə qarayaxma kampaniyası aparılır. Hətta Azərbaycanın dostu olan deputatlara qarşı guya hansısa bəxşişlər alması barədə ittihamlar irəli sürülür.

Ancaq qəribəsi budur ki, Azərbaycan həqiqətlərini bəyan etməyə çalışan deputatlara təzyiqin edildiyi Almaniyada iqtidar partiyası hazırda böyük rüşvət qalmaqalı ilə gündəmdədir. Belə ki, kansler Angela Merkelin partiyasından olan deputat Nikolas Löbel tibbi maskaların satışı zamanı böyük şirkətlər üçün vasitəçilik edərək 250 min avro, eləcə də hakim Xristian Demokratik İttifaqı Partiyası ilə eyni siyasi bloka daxil olan Xristian Sosial İttifaqından deputat seçilmiş Corc Nüsleinin isə 660 min avro bəxşiş aldıqları üzə çıxıb. Çətin vəziyyətə düşən deputatlar istefa vermək məcburiyyətində qalıblar.

Bundan başqa, Almaniyada hazırda hakim partiya koronavirusla mübarizədə səmərəsiz fəaliyyətinə görə də kəskin tənqid edilir. Xüsusilə səhiyyə sektorunda çalışanlar Böyük Britaniyada insanların 30 faizinin peyvənd olunduğu halda, Almaniyada bu rəqəmin 6 faiz olmasını faciəvi hal hesab edirlər. 

Almaniya polisi də koronavirusla bağlı mübarizədə qanunsuz zorakılığa görə tənqid hədəfindədir. Xüsusilə son həftə Almaniyanın Drezden bölgəsində karantin tədbirlərinin sərtləşdirilməsinə qarşı keçirilən aksiyalarda polisin normadan artıq şiddət tətbiq etdiyi geniş müzakirə mövzusuna çevrilib. Belə ki, vətəndaşlar sakit aksiyaya qarşı sərt polis müdaxiləsindən narazılıq ediblər.

Görünən odur ki, öz ölkəsində həllini gözləyən ciddi problemlərlə üz-üzə qalan Almaniya hakim dairələri onları həll etməkdə acizdirlər. Ancaq buna baxmayaraq, ölkələrindən min kilometrlərlə uzaqda beynəlxalq hüququn təməl prinsiplərindən olan ölkələrin ərazi bütövlüyü və 1 milyona yaxın qaçqının evlərinə qayıdaraq yurdlarında yaşamaq hüququnu təmin etməyə çalışan Azərbaycanın yanında yox, təcavüzkar Ermənistanın arxasında yer alırlar.

 

 

Xəbər lenti