Xəzər Xəbər

Neftin qiyməti niyə kəskin düşdü? VİDEO

Veb TV | 20:07 • 23 Mart 2021
Neftin qiyməti niyə kəskin düşdü?

Martın 11-ə qədər dünya bazarında neftin qiyməti əhəmiyyətli şəkildə artırdı. 1 barrel brent markalı neft 70 dollardan baha satılırdı. Ancaq son günlər qiymətlərdə kəskin azalma müşahidə edilir. Ekspertlər neftin qiymətinin azalmasının səbəblərindən danışıb. Bəs qara qızılın qiymətləri nə zaman artacaq? 

Son günlər dünya bazarında neftin qiymətində kəskin ucuzlaşma var. Mart ayının 11-i ilə müqayisədə bu günlərdə neftin qiyməti təxminən 9 faiz dəyər itirib. Brent markalı neftin qiyməti bu günə olan məlumata əsasən, 63 dollar ətrafında müəyyənləşib. Yəni 10 gün ərzində 1 barrel neft 7 dollara yaxın ucuzlaşıb. 

Ekspertlər hesab edirlər ki, qiymətin ucuzlaşmasının müəyyən səbəbləri var. Ekspert Rəşad Həsənovun sözlərinə görə, koronavirusla mübarizə tədbirlərinin effektivliyi ilə bağlı gözləntilər müəyyən qədər azalıb. Çünkü iştirakçılar hesab edirdilər ki, növbəti aylarda virusun iqtisadiyyata mənfi təsiri minimuma enəcək və ən əsası hava nəqliyyatı ilə ölkələrarası turizm əlaqələri bərpa ediləcək. Ancaq Almaniya və ABŞ kimi ölkələrdə karantin müddətinin uzadılması, Hindistanda üçüncü dalğanın sürətlənməsi qiymətlərin enməsinin başlıca səbəblərindəndir. Digər səbəb isə, bir müddət əvvəl Səudiyyə Ərəbsitanında neft müəssisələrinə edilən dron hücumlarıdır. Hücumların hasilata təsir edəcəyi gözlənsə də, bu, baş vermədi.

"OPEK+" ölkələrinin hasilatla bağlı növbəti həftələrdə bəzi qərarlar qəbul etmə ehtimalları və ABŞ-ın son 4 həftədə neft rezervlərini artırması da qiymət amilində rol oynayır..

Ekspert hesab edir ki, qiymətlərin aşağı istiqamətli dinamikası qısamüddətli dövrü əhatə edəcək. Orta və uzunmüddətli dövrdə iqtisadiyyatın dirçəlməsi, virusun təsirlərinin minimuma enməsi ilə qiymətlərin artması müşahidə ediləcək.

Xəbər lenti