Xəzər Xəbər

Milli Məclisin iclası keçirilib, hökumət hesabat verib video

Veb TV | 21:45 • 16 Mart 2021
Milli Məclisin iclası keçirilib, hökumət hesabat verib

Yaxın vaxtlarda ölkəyə yeni peyvəndlər gətiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Milli Məclisin bu gün keçirilən plenar iclasında verilib.

İclasda əvvəlcə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənib. Hökumətin hesabatını Baş nazir Əli Əsədov təqdim edib. O bildirib ki, ötən ilin ən önəmli hadisəsi 44 günlük müharibə olub. Azərbaycan Ordusu zəfər əldə edib və işğaldakı torpaqlarımız azad olunub. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Artıq həmin ərazilərdə quruculuq işlərinə başlanıb.

Vurğulanıb ki, ötən il dövlətin bütün imkan və resursları pandemiya ilə mübarizəyə yönəlib. Yeni xəstəxanalar tikilib, əhaliyə və sahibkarlara maddi dəstək göstərilib. Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub ki, onların arasında xarici ölkələrdən gələn mütəxəssislər də var. Azərbyacan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkədir.

Qeyd edilib ki, ötən il ölkə üzrə ilk dəfə "Su təsərrüfatı balansı" təsdiq edilib. Eləcə də, 2020-2022-ci illəri əhatə edən tədbirlər planının icrasına başlanıb. Cari ildə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla ölkənin su ehtiyatlarından səmərəli istifadəyə xüsusi diqqət yetiriləcək. Ötən ilin sonunda isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi nəticəsində Azərbaycan qazı Avropaya ixrac edilməyə başlayıb. Baş nazir hökumətin qarşıdakı illər üzrə prioritetlərini də açıqlayıb.

Hesabat təqdim edildikdən sonra müzakirələr aparılıb. Qeyd edilib ki, yaxın vaxtlarda ölkəyə yeni peyvəndlər gətiriləcək.

İclasda ölkənin bank sistemindəki problemlərdən də danışılıb. Kredit faizlərinin yüksək olduğu vurğulanıb və dünyanın böyük banklarının Azərbaycana gətirilməsi təklif edilib.

Müzakirələrdən sonra Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Namizədlərin seçimi səsə qoyulub, Palatının sədr müavini və auditorları seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti