Xəzər Xəbər

Kirayə yolu ilə mənzil sahibi olmaq şərtlərində yenilik var video

Veb TV | 21:37 • 16 Mart 2021
Kirayə yolu ilə mənzil sahibi olmaq şərtlərində yenilik var

Vətəndaşlara satmaq öhdəliyi ilə təqdim olunan kirayə mənzillər daha əlçatan olacaq.

Xezerxeber.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara dəyişikliklər edib.

Fondun mətbuat katibi Yeganə Laçınzadə bildirib ki, dəyişkliyə əsasən, ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız müraciət edənin yaşı əsas götürüləcək. Əvvəlki şərtlərdə gəlirləri kifayət qədər olmayan ərizəçi rəsmi gəlirləri olan ailə üzvü ilə birgə müraciət etdikdə və ailə üzvünün yaşı yuxarı olduqda ona ailə üzvünün yaşına uyğun olaraq az müddət təyin olunurdu. Müddət az olduğu üçün isə aylıq ödənişin məbləği artırdı. Bu da ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsir göstərirdi. Mühüm dəyişikliklərdən biri də kirayə müqaviləsi bağlamaq istəyən vətəndaşın gecikdirilmiş kredit borcunun olub-olmaması ilə bağlıdır.

Digər dəyişikliyə əsasən, bərbər, dərzi, çəkməçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və digər işlərlə fərdi qaydada məşğul olan sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmaları üçün yeni yanaşma tətbiq olunacaq.

Fonddan bildirilidi ki, ötən il ərzində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində mərhələli şəkildə 1253 mənzil təklif edilib. Bu günədək 657 mənzil vətəndaşların istifadəsinə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti