Xəzər Xəbər

Cibgirliklə məşğul olan şəxslər tutulub video

Veb TV | 19:39 • 13 Mart 2021
Cibgirliklə məşğul olan şəxslər tutulub

Marşrut avtobuslarında, ticarət obyektlərində vətəndaşların ciblərinə girərək pul, mobil telefon və digər qiymətli əşyalar oğurlayıblar. Vətəndaşlara zərər vuran həmin şəxslər çox keçməyib ki, polis əməkdaşları tərəfindən saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri - Zita Zolotoryeva və Şavan Bəşirov tutulublar. Məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurlayıblar.

Zita Zolotoryeva cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Şavan Bəşirova ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsilə lentə alınıb. Onlar ifadələrində cibgirlik yolu əldə etdikləri pul kisələrindəki pulları götürdükdən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər.

Saxlanan zaman Zita Zolotoryevanın üzərindən əlavə olaraq 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanıb. Əldə edilən kamera görüntülərindən və Tural Həsənovun ətrafında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, bu şəxs paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatda və dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantalarından pul, bank kartları və sənədlər oğurlayıb.

Qeyd edək ki, Tural Həsənov saxlanan zaman onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin də aşkar edilib. Saxlanan hər üç şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Bakı şəhər Baş Polis İdarəsi və ya "102" zəng mərkəzinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti