Xəzər Xəbər

Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız təhlükə altındadır? VİDEO

Veb TV | 20:48 • 11 Mart 2021
Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız təhlükə altındadır?

Son illər palma yağından istifadə halları artıb. Hətta keçən il ölkəmizə 55 milyon dollarlıq palma yağı idxal edib. Amma vətəndaşların bir çoxu  bu yağların zərərli olması qənaətindədir. Əməkdaşlarımız  Azərbaycana gətirilən bu yağların əsasən harda istifadə  edildiyini və nə dərəcədə zərərli olmasını araşdırıblar.

Palma yağı ilə bağlı bu fərqli fikirlər illərdir səsləndirilir və ciddi mübahisələrə səbəb olur. Lakin bir gerçək var: son illər ölkəmizdə palma yağından  geniş istifadə olunur.


Statistika deyir ki, ölkəmizə 2014-cü ildə 28,6 milyon dollar dəyərində 47 min 602 ton, 2019-cu ildə 41 milyon dollar dəyərində 59 min 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyərində 64 min 500 ton palma yağı idxal edilib. Bir ildə palma yağının idxalı 5150 tondan çox, son 7 ildə isə 16 min 900 ton artıb. 

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı İradə Hüseyinlinin sözlərinə görə, palma yağları ölkəmizdə həm qida, həm də qeyri-qida məhsullarında istifadə olunur. Qida kimi dondurma, şokolad, çips, süni süd, uşaq qidaları, hazır sıyıq və un məmulatlarının tərkibinə qatılır. Emal olunmamış palma yağı isə sabun, kosmetika, diş pastası və krem kimi məhsulların hazırlanmasına yarayır. 

Agentliyin nümayəndəsinin sözlərinə görə, hələ də cəmiyyətdə bu yağların keyfiyyətinə şübhə ilə yanaşılsa da, dünyada aparılan araşdırmalarla palma yağlarının insan sağlamlığı üçün zərərli olmadığı qənaətinə gəlinib. Avropa Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı 2016-cı ildə müvafiq hesabat da yayıb.

Ekspertlər də o fikirdədirlər ki, palma yağlarının konkret olaraq standartı var və bu standarta əməl edilmədiyi təqdirdə bu yağlar insan sağlamlığına ciddi zərər verə bilər. Bu vəziyyətdə isə istehsalçıların üzərinə böyük məsuliyyət düşür. Qida eksperti Fuad Ağayevin sözlərinə görə, bəzən istehsalçılar daha ucuz başa gəldiyinə görə texniki palma yağlarından istifadə edirlər. Bu zaman isə təhlükə qaçılmaz olur. Bununla bərabər artıq dünyada bir sıra ölkələr palma yağından istifadəyə qadağa qoyur və istifadəni minimum endirir.

Palma yağlarının ən çox istifadə olunduğu məhsullar uşaq qidalarıdır. Həkimlərin sözlərinə görə, bu, birbaşa uşaq sağlamlığına zərərlidir. Çünki palma yağlarının tərkibində olan maddələr piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, palma yağının gündəlik norması orta yaşlı insanların bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edilib. Bu norma aşıldığı təqdirdə bədəndə sağalması mümkün olmayan xəstəliklərin başlamasına zəmin yaranır.

 

 

Xəbər lenti