Xəzər Xəbər

Ermənistan ordusunun Baş Qərargah rəisi istefa verdi VİDEO

Veb TV | 21:18 • 10 Mart 2021
Ermənistan ordusunun Baş Qərargah rəisi istefa verdi

Son günlər ölkəsində ciddi siyasi qalmaqala səbəb olan  Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan istefa verib. Lakin  Qasparyan  baş nazir Nikol Paşinyanın istefası ilə bağlı fikrindən yenə də dönməyib.  Maraqlısı budur ki, Ermənistanın baş qərargahı da yaydığı bəyanatda Onik Qasparyanı dəstəkləyib.  Gərginlik həm də paytaxt İrəvan küçələrində yaşanır.  Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

"Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses konstitusiyaya ziddir". 

Bunu Ermənistan silahlı qüvvələrinin baş qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi, general-polkovnik Onik Qasparyan deyib. "Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətindən çıxmağın yeganə yoludur" - deyə o bildirib. Qasparyan konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədilə Ermənistanın inzibati məhkəməsinə müraciət edib. "Mən vətənimə və erməni xalqına başqa statusda xidməti davam etdirirəm" - deyə general-polkovnik vurğulayıb. O, yeni vəzifəsi barədə məlumat verməyib.

Ermənistan Silahlı Qüvvələrin rəhbər heyəti Baş Qərargahın keçmiş rəisi, general-polkovnik Onik Qasparyanın bəyanatına qoşulub. Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının informasiya bölməsinin rəisi Samvel Asatryan feysbuk səhifəsində yazıb. Qasparyandan sonra komandlıq da birgə bəyanatla çıxış edərək, Nikol Paşinyanın istefa verməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan isə general-leytenant Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Prezidentin köməkçisi Asmik Petrosyan isə bildirib ki, baş nazirin müraciətinə 3 gün ərzində cavab veriləcək.

Bu arada, İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Etiraz aksiyaları dinc formada keçirilsə də, polis hələ də parlament qarşısındakı Bağramyan və Dəmirçiyan prospektlərini bağlı saxlayır. Həmçinin baş nazirin istefasını tələb edən etirazçılardan da bəziləri avtomobilləri ilə əsas küçələrdə yolları bağlayıblar.

 

Xəbər lenti