Xəzər Xəbər

V qrupun keçid ballarında artım olacaq VİDEO

Veb TV | 20:30 • 17 Sentyabr 2020
V qrupun keçid ballarında artım olacaq

Artıq 3 gündən sonra universitetlərə ixtisas seçimi başa çatacaq. Dövlət İmtahan Mərkəzi V ixtisas qrupu üzrə son vəziyyət barədə məlumat verib.Bu qrup üzrə müsabiqədə keçid balları yüksək olacaq. Bunun bir neçə səbəbi var.

V ixtisas qrupu üzrə ali məktəblərə keçid ballarının artacağı gözlənir. Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, bu, ötən illə müqayisədə bu il V qrup üzrə müsabiqəyə buraxılanların sayında qeydə alınan artımla bağlıdır. Üstəlik, bu il V qrupda bəzi ixtisaslarda qabiliyyət imtahanlarının ləğv olunması da bu qrupa marağı artırıb.

Bu il həmçinin V qrupda bəzi ixtisaslar ləğv olunub. Bunların bir qismi başqa ixtisaslarla birləşdirilib. Ancaq ümumilikdə bu qrup üzrə qəbul planında keçən illə müqayisədə 133 yer artırılıb və yerlərin sayı 3714-ə çatdırılıb.

Natiq Əliyev həmçinin abituriyentlərin rus və Azərbaycan bölmələri üzrə ixtisas seçə bilmək imkanlarına da aydınlıq gətirib.

Subbakalavrların yerləşdirilməsi qaydasına gəlincə isə, Natiq Əliyev deyib ki, plan yerlərinə əvvəlcə abituriyentlər yerləşdirilir. Daha sonra subbakalavrlar arasında keçirilmiş müsabiqə əsasında onlar müvəffəqiyyət göstəricilərinə görə plan yerlərinə yerləşdirilirlər.

Xəbər lenti