Xəzər Xəbər

Daşkəsəndə yanğın 5 nəfərin həyatına son qoyub - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 20:23 • 14 Noyabr 2018
Daşkəsəndə yanğın 5 nəfərin həyatına son qoyub -

Daşkəsəndə gecə saatlarında evdə başlayan yanğın 5 nəfərin həyatına son qoyub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Daşkəsən rayonunun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 48 yaşlı Pənah Tağıyevə məxsus fərdi yaşayış evində gecə saatlarında yanğın baş verib. Həmin vaxt yuxuda olan 5 nəfər - 28 yaşlı Sevinc Tağıyeva, onun üç övladı - 8 yaşlı Aysun Tağıyeva, 6 yaşlı Sakit Tağıyev, 1 yaşlı Sadiq Tağıyev, həmçinin baldızı qızı 11 yaşlı Günel Ədilxanova həyatını itirib. Fəlakətlə nəticələnən yanğına odun sobasının səbəb olduğu güman edilir.

Ölən uşaqların atası Asim Tağıyev axşam saatlarında mal-qaranın qayıtmadığını görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim Tağıyev gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb. Evdəkilər isə yuxuda olduqlarından hadisədən xəbər tuta bilməyiblər. Kənd sakinləri isə yanğından yalnız evin çardağındakı şiferin istidən partlamasından sonra xəbər tutublar.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb, yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib. 150 kv.metrlik ev isə tamamilə yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar