Xəzər Xəbər

Ermənistanın yeni rəhbərliyinin siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur - VİDEO

Veb TV | 20:01 • 17 İyun 2018
Ermənistanın yeni rəhbərliyinin siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur -

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib. O, təmas xəttindəki mövqelərə baş çəkib.

"Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub", - deyə Ermənistan hökumətinin məlumatında bildirilir. Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.

Xezerxeber.az-ın məlumatına görə, rəsmi Bakı isə Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini müharibəyə çağırış kimi qiymətləndirir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bilidirib ki, Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.

Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.


Qeyd edilib ki, danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür: " Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar