Xəzər Xəbər

Prezident Astana sammitində iştirak edib VİDEO

Veb TV | 20:42 • 10 Sentyabr 2017
Prezident Astana sammitində iştirak edib

Qazaxıstanın paytaxtı astanada islam əməkdaşlıq təşkilatının elm və texnologiya üzrə birinci Sammiti keçirilib. Sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.

Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev "XXI əsrdə elmin cəmiyyətə artan təsiri" mövzusunda sessiya çıxış edib. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəklədiyini vurğulayan dövlət başçısı qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı da xüsusən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi zorakılıqlardan danışan Prezident İlham Əliyev vurğulayıb ki, ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. "Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz." Dövlət başçısı Azərbaycanin islam həmrəyliyi işinə böyük töhfə verdiyini, dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə apardığını vurğulayıb:

"Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq", - deyə prezident əlavə edib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə keçirilən sammit islam ölkələri arasında elm, texnologiya, innovasiya və modernləşmə sahələrində əməkdaşlığı inkişaf etdirmək, islam dünyasının potensialını genişləndirmək məqsədini daşıyır. Sammitin yekununda islam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan astana bəyannaməsi qəbul edilib.


Xəbər lenti