Xəzər Xəbər

Goranboyda erməni terrorundan zərərçəkən sakinlərə dəymiş ziyanın aradan qaldırılır FOTO

Region | 15:43 • 26 Oktyabr 2021
Goranboyda erməni terrorundan zərərçəkən sakinlərə dəymiş ziyanın aradan qaldırılır

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə təcavüzü nəticəsində minlərlə yaşayış və qeyri-yaşayış sahəsinə ciddi ziyan dəyib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Komitədən verilən məlumata görə, Goranboy rayonunda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 5 ev dağıdılıb, 373 tikiliyə zərər dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 366 tikili təmir-bərpa olunub, 4 ev tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 evin inşası və digər tikililərin təmir-bərpası yekunlaşmaq üzrədir. Qısa zamanda Goranboy rayonu ərazisində tikinti və təmir-bərpa işləri tam başa çatacaq.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində evi dağılmış Goranboy rayon Səfikürd kənd sakini Həqiqət Cəfərzadə deyir ki, keçən il oktyabrın 1-də səhər saatlarında yaşadıqları ev raket atəşinə tutulub. “Raket zərbəsi endiriləndə evdə tək idim. Xəsarət almadım, lakin, evim dağıldı. Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm ki, mənə yenidən təzə 5 otaqlı evin tikilməsi üçün tapşırıq verdilər. İndiki evim əvvəlkindən çox rahatdır”, - deyə Goranboy sakini bildirib.

Vətən müharibəsinin ilk günlərindən erməni terrorundan zərər çəkən sakinlərdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini Rahilə Abbasova olub. O, raket hücumları zamanı xəsarət alan olmasa da, evlərinə ciddi ziyan dəydiyini deyib: “Evimə raket düşəndən bir neçə gün sonra, müharibənin qızğın vaxtı bizi qeydiyyata aldılar. Müharibə bitdikdən dərhal sonra aidiyyəti qurumlar gəlib işə başladılar. Sağ olsunlar, çox razıyam. Dövlətimizi və ordumuzu Allah qorusun!”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ötən il sentyabrın 27-dən başlayaraq şəhər və rayonlarımızı, mülki əhalini hədəf alması nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırki mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr cəlb edilib.

Xəbər lenti