Xəzər Xəbər

Füzuli rayonunda top mərmisi aşkarlanıb - FOTO

Region | 18:00 • 16 May 2018
Füzuli rayonunda top mərmisi aşkarlanıb -

Mayın 16-da saat 11:24-də Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Böyük Bəhmənli kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və DİN-nin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə Araz su nasosu stansiyasının yaxınlığına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılmış bir ədəd yanmış top mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən mayın 16-dək ANAMA tərəfindən 3507 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 81 min 515 kvadratmetr ərazi yoxlanılıb.

Xəbər lenti