Xəzər Xəbər

Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

Region | 10:33 • 12 Fevral 2018
Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən 14 kilometrlik avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarına uyğun olaraq yol infrastrukturunun yenidən qurulması layihələri ilə bağlı tapşırıq və sərəncamları ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına, sənaye, kənd təsərrüfatı və turizmin inkişafına hesablanan avtomobil yolu layihələrinin uğurlu icrasına start verilib. Respublikanın dörd bir tərəfində bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Goranboy rayonunda bu çərçivədə ümumi uzunluqları 34 kilometr olan və 26,5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Uzunluğu 14 kilometr olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

Uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Buna görə yolun yenidən tikintisi 5 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisinin ürəyincə olub.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınır, yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 10 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə icra olunur.

Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq. Sözügedən yolun yenidən qurulması ilə yolboyu yaşayan vətəndaşların Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunacaq, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikanın istənilən istiqamətinə hərəkət etmək mümkün olacaq.

Goranboy rayonunun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərində yaşayan 3 mindən çox əhali də sevinc içərisindədir. Çünki bu kəndlərə gedən və 3,5 kilometr uzunluğa malik olan avtomobil yolu da uzun müddətdən sonra təmir olunur. Təmir işləri zamanı köhnə yol əsası qazılaraq çıxarılır və qum-çınqıl qarışığından ibarət yeni yol əsası salınır. Yol əsası hazır olan hissələrə isə yüksək keyfiyyətli asfalt-beton örtük döşənir.

Mövcud olan tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xəbər lenti

Çox oxunanlar