Onun sözlərinə görə, bağçanın özünün adaptasiya proqramı işlənilib hazırlanmalı, uşaq bağçaya müəyyən qısa zamanlarda psixodiaqnostika üçün gətirilməli, valideynin iştirakı ilə psixoloji testlərdən və psixodiaqnostik oyunlardan keçməlidir: "Bu zaman həm uşağın fərdi xüsusiyyətləri və psixoloji yaşı müəyyən olunur, həm də maraqları müəyyən olunur ki, ilk məşğələlər də fərdi yanaşma üçün buna əsaslanaraq həyata keçirilməlidir. Valideynin müəyyən müddət ərzində bağçada olması təşkil edilməlidir və valideyndən ayrılma zaman-zaman həyata keçirilməli, uşağın bağçada qalma müddəti az saatlardan çoxa doğru həyata keçirilməlidir. Uşağın bağçaya getdiyi zaman anadan ayrılarkən stress keçirməsi normaldır və bu halı yaşamağı bacarmalıdır. Bağçada işləyən mütəxəssislər isə bacardıqca bu stresli vəziyyəti tez aradan qaldırmaq üçün məşğələlər yerinə yetirməlidirlər. Adətən valideynlərlə bağlılığı daha çox olan uşaqlar bu ayrılıq dövrünü çətin keçirirlər. Uşağın ev mühitində daha çox oynadığı oyuncağını, onun bağlandığı əşyanı özü ilə götürməsinə şərait yaradılmalıdır. Parlaq, onun üçün maraqlı ola biləcək oyuncaqlar öncədən təqdim olunmalıdır".