Xəzər Xəbər

Müalicəvi bitki vannaları - çox xeyirlidir

Maraqlı | 09:30 • 18 İyul 2017
Müalicəvi bitki vannaları -

Qədim tarixə malik və sağlamlıq üçün əvəzedilməz olan müalicəvi bitki vannaları təsir gücünü dəfələrlə sübut edib. Xoş ətirli vanna çox asanlıqla hazırlanaraq yorğunluğu aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.


AZƏRTAC xəbər verir ki, müalicəvi təsirə malik bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir edir və xoş əhval-ruhiyyə yaradır. Bundan başqa, bitki vannaları bədənə özünəməxsus zərif ətir bəxş edir.


Gigiyenik və müalicə məqsədilə tətbiq edilən su vannaları ümumi, yerli və yarımçıq olmaqla, üç qrupa ayrılır. Ümumi vannalarda baş hissədən başqa bədən bütünlüklə suyun içərisində olur, yarımçıq vannalarda isə qurşağa qədər suyun içərisinə girmək lazımdır. Yerli vannalarda isə bədənin müəyyən nahiyəsi, məsələn çanaq, əl və ayaqlar vannaya salınır. Əllər üçün təyin olunan isti vannalar bronxial astma, xroniki bronxit, qlaukoma, irit, rinit, qrip və traxeitdə, ayaq üçün olan soyuq vannalar isə xroniki miqren, başgicəllənmələr və ümumi zəiflik zamanı istifadə edilir.


Temperaturu 20 dərəcədən aşağı olan vannalar soyuq, 35 dərəcəyədək olanlar sərin, 40 dərəcəyədək olanlar ilıq, 40 dərəcədən yuxarı olanlar isə isti və çox isti vannalar sayılır. İsti vannalar maddələr mübadiləsini sürətləndirir, damarları genişləndirir. Həmin vannaları 5 dəqiqədən artıq qəbul etmək məsləhət görülmür. Döş qəfəsi sudan xaricdə olanda ürək o qədər də yüklənmir. İlıq vannalar orqanizmi sakitləşdirir, yorğunluğun qarşısını alır. Onu 15 dəqiqədən artıq qəbul etmək olmaz. Soyuq vannalar dərinin tonusunu artırır, ürək-damar və sinir sisteminin fəaliyyətini stimullaşdırır. Həmin vannalar 2 dəqiqədən artıq qəbul edilməməlidir.


Tərkibinə görə vannaların növləri var: sudan ibarət olanlar, bitki dəmləməsi və müxtəlif mineral duzlar qatılanlar.


Xoş prosedur olan vanna qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vanna suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. digər effektlər vermək olar. Xalq təbabətində istifadə edilən vannalar daha çox radikulit, artrit, podaqra, sinir sistemi xəstəlikləri, kürək, bel və çiyin ağrılarında tətbiq edilir.


Bitkilərin tərkibindəki uçucu fitoüzvi maddələr orqanizmə qoxu üzvü vasitəsilə qəbul edilir. Uçucu fitoüzvi maddələrə aid olan fitonsidlər, efir yağları, aromatik maddələr reflektor biokimyəvi, qoxu-reflektor və qabıq-assosiativ təsirlərə malikdir: razyana, rozmarin, reyhan və quşarmudu tonuslandırıcı, qaraqınıq, şam, lavanda, qızılgül, adaçayı, ətirşah, kasnı və nanə sedativ, sitrus bitkilərinin qabıq və yarpaqları adaptogen, dağ tərxunu, kəklikotu və quşarmudu hipertenziv, lavanda, qurucaotu və sitruslar hipotenziv, sitrusların qabığı, şüyüd, çobanyastığı, lavanda, razyana və nanə antispastik, çobanyastığı, andız otu, kəklikotu və şam ağacı iltihab əleyhinə, reyhan, çobanyastığı, evkalipt və adaçayı antiseptik, kəcəvər, çobanyastığı, dazıotu, tozağacı, gülümbahar, çaytikanı, qızılgül və lavanda yarasağaldıcı, şüyüd, rozmarin və cirə kardotonik, yatıqqanqal, gülümbahar, tozağacı və qatırquyruğu bitkiləri kosmetik təsir göstərir.


10-12 dəqiqə 500 ml alma sirkəsi və 30 ml şampun vannası qəbul edilməsi cavanlaşdırıcı təsir göstərir.


10-15 dəqiqə 500 qram nişasta və 1 xörək qaşığı şam ağacı ekstraktı qarışığı ilə vanna qəbul edilməsinin dəriyə hamarlaşdırıcı təsiri var.


Hərəsindən 100 qram olmaqla lavanda, bədrənc yarpağı, istiotlu nanə yarpağı, rozmarin, kəklikotu və adaçayı bitkiləri qarışdırılır, 3 litr qaynar suda 15 dəqiqə dəmlənilərək 12 dəqiqə vanna qəbul edilməsi sinir sistemini sakitləşdirir, gərginlik və yorğunluğun qarşısını alır.


1,5 litr süd və 3 xörək qaşığı duru bal qarşığından ibarət 12 dəqiqəlik vanna qəbulu dərini tonuslandırır, onu hamar və elastik edir.


200 qram yulafın 1 litr suda 4 dəqiqə bişirilərək, vannaya əlavə edilib qəbul olunması dərini hamarlaşdırır və yumşaldır.


1 ədəd darçın çubuğu və 15 qram mixək 500 ml suda 15 dəqiqə qaynadılıb 1 saat dəmlənilir və onunla 12 dəqiqə vanna edilməsi gərginliyi azaldır.


Hərəsindən 5 damcı olmaqla çay ağacı yağı, küknar yağı, 3 damcı mərzə yağı, 2 damcı cirə yağı və 100 ml şərabın qarışdırılaraq vannaya əlavə edilməsi və 10-12 dəqiqə qəbul olunması yorğunluğu aradan qaldırır.


6 damcı vanil yağı, 5 damcı səndəl yağı, 4 damcı ətirşah yağı və 1 xörək qaşığı yağlı qaymaq qarışığı ilə 12 dəqiqə vanna qəbul edilməsi düşüncələri pozitivləşdirir.


50 qram ardıc meyvəsi 250 ml qaynar suda 30 dəqiqə saxlanılır, hərəsindən 2 damcı olmaqla səndəl və qızılgül yağının onun üzərinə əlavə olunub 10 dəqiqə vanna qəbul edilməsi stress əleyhinə təsir göstərir.


Üç xörək qaşığı şam ağacı ekstraktı və 3 damcı evkalipt yağı ilə 10 dəqiqə vanna qəbul edilməsi gün ərzində bədəni gümrah saxlayır.

Xəbər lenti