Xəzər Xəbər

Avropanın ən təmiz çimərlikləri bunlardır - SİYAHI

Maraqlı | 14:18 • 27 May 2017
Avropanın ən təmiz çimərlikləri bunlardır -

Lüksemburq, Kipr, Malta, Yunanıstan və Avstriyanın demək olar ki, bütün çimərlikləri suyunun təmizliyinə görə ən yüksək ballara layiq görülüb. Bu barədə Ətraf Mühitə dair Avropa Agentliyi məlumat yayıb.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən məlumat verir ki, Avropa ölkələrində keçirilən illik təhqiqatın son hesabatı 2016-cı ilin məlumatlarına əsasən tərtib olunub. Suyun analizi rəsmi şəkildə qeydiyyatdan keçən 20 mindən çox çimərlikdə aparılıb.

Hesabata əsasən, Avropa çimərliklərinin 85 faizdən çoxu ən yüksək keyfiyyət standartlarına malikdir. Suda insanlar və ətraf mühit üçün zərərli maddələr, çirkab suların qarışığı aşkarlanmayıb. Bununla yanaşı, hesabatda Avropa ölkələri sahillərinin 96 faizinin minimal standartlara cavab verdiyi də qeyd olunur.

Ekspertlər beş ölkənin demək olar ki, bütün çimərliklərində suyun tərkibi əla qiymətləndiriblər: Lüksemburq (100 faiz), Kipr (99 faiz), Malta (99 faiz), Yunanıstan (97 faiz) və Avstriya (95 faiz).

Suyunun vəziyyətinin pis olduğu sahillərin sayı isə azalaraq 383-dən 318-ə enib ki, bu da çimərliklərin ümumi miqdarının 1,5 faizinə bərabərdir. Belə yerlər ən çox İtaliya, Fransa və İspaniyada qeydə alınıb.

Xəbər lenti