Xəzər Xəbər

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

İqtisadiyyat | 14:04 • 16 May 2022
Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...
Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır.
 
Qızılın ucuzlaşmasına dolların bahalaşması güclü təsir edib. Bu ilin əvvəlindən dolların kursunda yüksəliş baş verir və ötən müddətdə dollar 10 faizdən çox bahalaşıb. Dolların bahalaşması dəyəri onunla müəyyənləşən qızılın ucuzlaşmasına təsir göstərib.
 
Əgər dollarda bahalaşma davam edərsə, qızıl bir qədər də dəyər itirəcək.
 
Lakin qızılın dəyərinə sadəcə dolların məzənnəsi təsir etmir. Onun qiymətini həm də qızıla olan tələb müəyyənləşdirir. Adətən iqtisadi riskilər artdıqda və ya böyük regional müharibələr baş verdikdə qızıla tələb artır. Çünki bu vəziyyətlərdə investorlar qızılı ən təhlükəsiz, azriskli sərmayə aləti kimi görür.
 
Buna görə də qızılın dəyəri Rusiya-Ukrayna müharibəsinin gedişatından, NATO-Rusiya qarşıdurmasından, eyni zamanda yüksək qiymət artımları ilə əlaqədar proqnozlaşdırılan qlobal iqtisadi böhran ehtimalından asılı olacaq. Əgər hərbi-siyasi gərginlik bir qədər də artarsa, eyni zamanda dünyanın böyük iqtisadiyyata sahib ölkələrində yüksək inflyasiya səbəbindən böhran yaranarsa, o halda, qızıl bahalaşacaq.
 
Amma digər halları və dolların baha olmasını nəzərə alaraq proqnozlaşdıra bilərik ki, qızılın dəyərində yüksəliş gözlənilmir.
 
Qeyd edək ki, qızılın ucuzlaşması Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə mənfi təsir edir. ARDNF-in 101,8 ton xalis qızılı var və bu qiymətli metalın ucuzlaşması onun qızılda olan aktivlərinin dəyərini azaldır.
 

2022-ci ilin aprelin 1-də ARDNF-in qızılda olan aktivlərinin dəyəri 6,292 milyard dollar idi və cəmi aktivlərin 13,9 faizini təşkil edirdi. Aprelin 1-dən indiyə qədər qızıl 7,4 faiz ucuzlaşıb. Deməli, ARDNF-in qızılla olan aktivlərinin dəyəri də bu qədər azalıb./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar