Xəzər Xəbər

Mərkəzi Bank üzən məzənnəyə nə zaman keçə bilər? AÇIQLAMA

İqtisadiyyat | 16:40 • 21 Yanvar 2022
Mərkəzi Bank üzən məzənnəyə nə zaman keçə bilər?

Ötən günlərdə sosial şəbəkələrdə “manat sərbəst buraxılacaq”, “tam üzən məzənnəyə keçiləcək” - kimi məlumatlar yayımlanmışdı. Mərkəzi Bank isə bir neçə gün müzakirəsi davam edən mövzu ilə bağlı Oxu.Az-a verdiyi məlumatda hazırda ölkədə tətbiq olunan məzənnə rejiminin iqtisadiyyatın strukturundan asılı olaraq formalaşdığı bildirmişdi.

Açıqlamada hazırda ölkədə tətbiq olunan valyuta rejiminin makroiqtisadi sabitliyin, xüsusilə də qiymət sabitliyinin dəstəkləməsi baxımından optimal hesab edildiyi məlumat verilmişdi. Bu isə yaxın zamanda üzən valyuta rejiminə keçidin aktual olmadığını göstərirdi. 

Açıqlamada diqqətçəkən digər məqam Mərkəzi Bankın hökumətlə birgə “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində işlədiyi strategiyada pul siyasəti rejiminin təkmilləşdirilməsi fonunda inflyasiya hədəflənməsi rejiminə mərhələli keçidin baza şərtlərinin formalaşdırılması niyyətinin ortaya qoyulduğunun vurğulanmasıdır. 

Mərkəzi Bank tərəfindən qeyd edilib ki, zəruri şərtlərin formalaşdırılması uzunmüddətli perspektivdə yeni rejimə keçməyə imkan verə bilər.   

Mərkəzi Bankın bu açıqlamasını Oxu.Az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank inflyasiya səviyyəsi daxil olmaqla digər iqtisadi, o cümlədən makroiqtisadi göstəriciləri nəzərə almaqla perspektivdə yeni rejimə keçid üzərində işləmək niyyətindədir:

“Hazırda Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi valyuta rejimi fiks valyuta rejimi kimi xarakterizə olunur. Mərkəzi Bank yol xəritəsində nəzərdə tutulmasına baxmayaraq üzən və ya “floating” rejimə keçməyib.

Azərbaycanda valyuta rejimi həm də istehlak bazarında qiymətlərə təsir göstərən əsas faktorlardan biridir və valyuta rejiminin dəyişməsi həm də istehlak bazarında qiymət səviyyəsinə təsir göstərə bilər. Bu baxımdan makroiqtisadi göstəricilər, o cümlədən ekosistemin yeni valyuta rejimini dəstəkləməsi olduqca vacibdir. Mərkəzi Bankın fiks valyuta rejimini davam etdirməsinin əsas səbəblərindən biri də valyuta bazarının təklif imkanlarının məhdud olmasıdır. Çünki ölkədə valyutaya olan tələbin təxminən 87 faizi Dövlət Neft Fondu tərəfindən təmin olunur. Dövlət Neft Fondu bazarda valyuta təklif edən tərəf olaraq alternativsiz qurumdur. “Floating” rejimə keçid də bir növ bazarın valyuta imkanlarının və valyutanın təklif imkanlarının genişləndirilməsi ilə bağlıdır”.

Son açıqlamada Mərkəzi Bankın perspektivdə yeni rejimə keçidin müzakirə edilməsini istisna etmədiyini deyən millət vəkili yeni rejimin üzən məzənnə yəni, “floating” rejimi olduğunu əlavə edib:

“Təbii ki, bu, tənzimlənən “floating” rejim də ola bilər. Hələlik detallı açıqlamalar qeyd olunmur. Lakin, digər ölkələrin təcrübəsi göstərir ki, fiks rejimin uzunmüddətli dövr üçün qorunub saxlanılması iqtisadi baxımdan arzuolunan deyil. Çünki bu həm də ölkənin qeyri-neft ixracına, o cümlədən valyuta bazarının inkişafına təsir göstərən faktorlardan birinə çevrilib. İnflyasiyanın hədəflənməsi də daxil olmaqla digər makroiqtisadi hədəflərə nail olunduqdan sonra Mərkəzi Bankın yeni rejimin tətbiqi məsələsini müzakirə etməsi gözlənilir. Hazırda konkret olaraq üzən valyuta rejiminə nə zaman keçid ediləcəyi ilə hər hansı bir tarix yoxdur. Lakin bununla belə Mərkəzi Bank digər makroiqtisadi göstəriciləri də nəzərə almaqla mütəmadi olaraq valyuta siyasəti və valyuta rejiminin təkmilləşdirilməsinə, o cümlədən yeni rejimə keçid məsələsinin müzakirəsi üzərində işləmək niyyətindədir”.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayından Mərkəzi Bankı tərəfindən ABŞ dolları/manat ikitərəfli məzənnəsinin dəhliz daxilində hədəflənməsi mexanizmi tətbiq edilir. 

Məzənnə rejiminin seçim meyarlarına əsasən Azərbaycanda məzənnə rejimlərini qiymətləndirərkən bu meyarların bir qisminə əsasən təsbit rejiminin seçilməsi, digər qisminə əsasən isə üzən məzənnə rejiminin seçimi məqsədəuyğundur. Azərbaycan iqtisadiyyatı həcminə görə böyük həcmli iqtisadiyyatlarla müqayisədə nisbətən kiçik olduğu üçün burada təsbit məzənnə rejiminin seçimi daha məqsədəuyğun hesab edilir.

Əlavə edək ki, təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının hər hansı sərbəst dönərli xarici valyutaya (əsasən ABŞ dolları) qarşı nominal məzənnəsinin yalnız Mərkəzi Bankın siyasətindən asılı olaraq dəyişdirilməsi və ya sabit saxlanılması nəzərdə tutulur. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır.

“Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman isə valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi banklar tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Müstəsna hallarda mərkəzi banklar məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilir.

Xəbər lenti